Azərbaycan Güləş Federasiyasının rəsmisi ermənilərin iddialarını YALANLADI

Ermənilər iddia edirlər ki, iranlı güləşçi İrəvanla Bakı arasında seçim edir.
"İranlı güləşçi əvvəlcə İrəvana gedib, sonra isə Bakıya yollanıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir bu barədə Ermənistanın "Sportball24" portalı məlumat yayıb.
"Planetin ən perspektivli güləşçilərindən biri Əmirreza Məsumi Bakıda məşq zamanı görüntülənib. Məsumi sosial şəbəkə hesabında əvvəlcə İrəvandan, sonra isə Bakıdan fotolar yerləşdirib. Bundan başqa, internetdə iranlının Azərbaycan millisinin düşərgəsindəki məşqinin fotosu yayılıb. Bu, asiyalı dünya çempionu ilə Azərbaycan Güləş Federasiyası arasında danışıqların müsbət yekunlaşdığını göstərir.
Bundan əvvəl İran Güləş Federasiyasının rəhbəri Məsumini tənqid edib və onu milli komandanın heyətindən uzaqlaşdırıb. Güləşçinin əvvəlcə Ermənistan Güləş Federasiyası ilə əlaqə saxlamasına baxmayaraq, Azərbaycanın Məsuminin yeni idman vətəninə çevrilməsi tamamilə mümkündür".
Mövzu ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev isə bildirib ki, istənilən idmançı ölkəmizə gələrək burada məşqlərə qatılma haqqına sahibdir.

"Azərbaycanda güləşçilərin məşq etməsi üçün yaxşı şərait yaradılıb. Dünyanın bir çox ölkələrindən də buraya titullu və ulduz idmançılar gəlib məşq edirlər. Bu da normal prosesdir. Əmirreza Məsumi də bu səbəbdən burada məşqlər edir. Qaldı ki, Ermənistan mediasının səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Hazırda güləşçinin İrəvanla Bakı arasında seçim qarşısında qalması xəbəri doğru deyil. Güləşçinin bizim milliyə dəvət olunması isə gündəm mövzusu belə deyil. Məsələ ilə bağlı rəsmi bir şey olarsa, Azərbaycan Güləş Federasiyası bununla bağlı ictimaiyyətə açıqlama verəcək", - deyə S.Musayev bildirib.
Qeyd edək ki, Əmirreza Məsuminin U-17, U-20 və U-23 yaş kateqoriyalarında dünya çempionatında altı medalı var. O, həmçinin 2025-ci ilin Asiya Çempionu və Zaqrebdə (2025) keçirilən reytinq turnirinin qalibidir.
Oxşar xəbərlər
Erməni rəqibinə qalib gələn boksçumuz Avropa çempionu oldu
Azərbaycan boksçusu Əminə Tağı erməni rəqibinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. BAKU.WS xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı bu...