SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa paralimpiya çempionatı, açıq dünya çağırış yarışı və Qran-pridə uğurla çıxış edən parataekvondo üzrə milli komandamız Vətənə dönüb.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda onları federasiya rəsmiləri, idmançıların yaxınları, azarkeşlər, ictimaiyyət nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, parataekvondoçularımız 14-16 avqust tarixlərində Niderlandın Rotterdam şəhərindəki Avropa paralimpiya çempionatını 5 medalla başa vurublar. İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsüyə yüksəliblər. Röyalə Fətəliyeva (52 kq, K44) ikinci, Amin Şıxalıyev (63 kq, K44) və Sabir Zeynalov isə (58 kq, K44) üçüncü olub. Beləliklə, yığma Avropa paralimpiya çempionatında da 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Avqustun 21-22-i tarixlərində Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında komandamızın heyətində İmaməddin Xəlilov (70 kq, K44) çempion tituluna yiyələnib. Əbülfəz Abuzərli (80 kq, K-44) isə bürünc medala sahib olub.

Avqustun 30-da isə Fransanın paytaxtı Parisdə baş tutan parataekvondo üzrə Qran-pridə baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq) 1/4 finalda yaponiyalı rəqibini 29:18 hesabı ilə məğlub edib. O, yarımfinalda türkiyəli idmançıya uduzaraq 3-cü yeri tutub.

İmaməddin Xəlilov (70 kq) da Qran-priyə qələbə ilə başlayıb. Həmyerlimiz startda braziliyalı parataekvondoçuya 39:15 hesabı ilə qalib gəlib. Xəlilov yarımfinalda Argentina təmsilçisi ilə döyüşüb və məğlub olduğundan bürünc medala sahib olub. Əbülfəz Abuzərli (80 kq) də yarışı 3-cü pillədə başa vurub. Parataekvondoçumuz Türkiyə millisinin üzvünə 25:24 hesabı ilə qalib gəlsə də, ardınca Cənubi Koreya idmançısına məğlub olaraq bürünc medala layiq görülüb.

BAKU.WS
QALEREYA