SİZİN REKLAM BURADA!
055 213 76 73


Krakov-2023 III Avropa Oyunlarında karate yarışları başa çatıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, son gündə Azərbaycan yığmasının dörd karateçisi mübarizəyə qoşulub.

İki kişi və iki qadın idmançımız yarışa qatılıb. Onlardan İrina Zaretska bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələnib.

Ondan fərqli, Asiman Qurbanlı yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bununla da karate yığmamızın ümumi qazancı 3 medala çatıb.

Qeyd edək ki, ilk gündə 4 karateçimizdən Tural Ağalarzadə (67 kq) yarışı qızıl medalla başa vurub.

Kişilər

75 kq

Fərid Ağayev B qrupunda mübarizə aparıb. Onun ilk rəqibi Andriy Zaplıtnı (Ukrayna) olub. Təmsilçimiz yarışa məğlubiyyətlə başlayıb - 1:2. Karateçimiz ardınca Daniele Devivoya (İtaliya) 2:5 hesabı ilə uduzub. O, son qarşılaşmada Migel Qonsalveşlə (Portuqaliya) heç-heçə edib (0:0) və yarışı erkən başa vurub.

84 kq
Asiman Qurbanlı B qrupundakı ilk rəqibi Babakar Sek (İspaniya) üzərində qələbə qazanıb - 6:4. O, növbəti döyüşündə Qoqita Arkanaya (Gürcüstan) uduzub - 1:2. Asiman qrupda son rəqibi Aness Bostanziçi (Bosniya və Herseqovina) 9:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qurbanlı finala gedən yolda xorvatiyalı Andelo Kvesiçlə qarşılaşıb. O, 3:5 hesabı ilə uduzduğundan Avropa Oyunlarının bürünc medalını əldə edib.

Qadınlar

68 kq

B qrupunda yer alan İrina Zaretska ilk döyüşdə Qalina Malniklə (Ukrayna) görüşüb. Təmsilçimiz Avropa Oyunlarına qələbə ilə başlayıb - 5:0. Yarımfinala vəsiqə uğrunda mübarizədə onun ikinci rəqibi Anita Makiyan (Ermənistan) olub. İrina erməni rəqibini də “əzişdirib” – 8:0. Titullu idmançı bu görüşü vaxtından əvvəl bitirməyi bacarıb. Ardıcıl ikinci qələbə İrinanı yarımfinala daşıyıb. O, qrupdakı son sınağında İzabel Nyetoya (İspaniya) da qalib gəlib – 4:3.

Karateçimizin növbəti rəqibi fransalı Alize Agier olub. 3:0 hesablı qələbə qazanan İrina finala yüksəlib. O, həlledici görüşdə İsveçrə təmsilçisi Yelena Norina Quriçə də şans verməyib və 4:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

+68 kq

A qrupunda çıxış edən Fəridə Əliyeva mübarizəyə Mariya Torresə (İspaniya) qarşı döyüşlə start verib. O, 2:4 hesabı ilə uduzub. O, Krio Ferracutti (İtaliya) ilə qarşılaşmada da eyni hesabla məğlub olub - 2:4. Təmsilçimiz son sınaqda Lusiya Lesyakla (Xorvatiya) heç-heçə edib - 0:0.

BAKU.WS