Yağışlı hava çimərlik bizneslərinə zərbə vurur: İcarə qiymətləri 25 faiz ucuzlaşıb

Yağışlı hava çimərlik bizneslərinə zərbə vurur: İcarə qiymətləri 25 faiz ucuzlaşıb
Açıqlama
Sosial 49

"Son günlər müşahidə olunan yağışlı hava şəraiti dənizkənarı istirahət obyektlərinin fəaliyyətinə mənfi təsir göstərib".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, yay mövsümündə hər yağışlı gün çimərlik, restoran və digər sahilyanı obyektlər üçün birbaşa maliyyə itkisi deməkdir:

"Bu sahədə çalışan sahibkarlar obyektləri əsasən mövsümlük icarəyə götürdükləri üçün gəlirlərini yay aylarında əldə etməyə çalışırlar. Buna görə də havaların qeyri-sabit keçməsi gündəlik dövriyyənin azalmasına səbəb olur. Bununla belə, mövcud vəziyyətin kütləvi şəkildə bizneslərin satışa çıxarılmasına və ya icarədən imtinaya gətirib çıxardığı barədə hər hansı məlumat yoxdur.

Dənizkənarı obyektlərin gəlirliliyi əvvəlki illərlə müqayisədə artıq bir sıra amillərin təsiri altında azalıb. İşçi qüvvəsinin bahalaşması, yüksək icarə haqları, artan rəqabət və əhalinin alıcılıq qabiliyyətindəki dəyişikliklər sahibkarların gəlirlərinə təsir edən əsas səbəblər sırasındadır.

Bunun fonunda mövsümün əvvəlində yüksək qiymətlərlə təklif olunan bəzi obyektlərin icarə haqları da aşağı düşüb. Hazırda boş qalan obyektlər mövsümün başlanğıcı ilə müqayisədə təxminən 10-25 faiz daha ucuz qiymətə təklif edilir".

AQC sədri ən əlverişli məkanların artıq icarəyə verilməsi, bazarda əsasən gəlirliliyi nisbətən aşağı və ya yeni fəaliyyətə başlayan obyektlərin qalması ilə izah edib.

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər