"Uşaqları sosial şəbəkədən uzaq saxlamaq qadağa deyil, onları gələcəyə hazırlamaqdır" – AÇIQLAMA

Uşaqları sosial şəbəkədən uzaq saxlamaq qadağa deyil, onları gələcəyə hazırlamaqdır – AÇIQLAMA
Sosial 26

Sosial şəbəkələrdə 16 yaşına çatmamış şəxslərin qeydiyyatını məhdudlaşdıran qanun uşaqların fiziki, psixoloji və sosial inkişafının qorunmasına xidmət edən mühüm addımdır.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan təhsil eksperti Rizvan Fikrətoğlu hesab edir ki, sosial şəbəkələrdən erkən yaşlarda intensiv istifadə uşaqlarda ekran asılılığı, diqqət dağınıqlığı, yuxu pozuntuları, narahatlıq və digər psixoloji problemlərin yaranması riskini artırır.

"Yaş məhdudiyyəti və yaşın yoxlanılması mexanizmi uşaqların bu risklərlə daha gec qarşılaşmasına, onların sağlam inkişafı üçün daha əlverişli mühitin formalaşmasına xidmət edə bilər", – deyə o vurğulayıb.

R.Fikrətoğlu qeyd edib ki, uşağın şəxsiyyətinin formalaşdığı dövrdə real ünsiyyət, ailə münasibətləri, məktəb və sosial mühit əsas rol oynayır:

"Sosial şəbəkələrə çıxışın müəyyən yaşa qədər məhdudlaşdırılması onların ünsiyyət bacarıqlarının, tənqidi düşüncə qabiliyyətinin və emosional dayanıqlığının təbii şəkildə inkişaf etməsinə şərait yaradır".

Onun sözlərinə görə, yaşın yoxlanılması mexanizmi uşaqları zorakılıq, kibertəzyiq, dezinformasiya, onlayn dələduzluq və yaşa uyğun olmayan məzmunlardan daha yaxşı qorumağa kömək edə bilər.

Ekspert valideynlərin məsuliyyətinin artırılmasının da vacibliyini qeyd edib. O bildirib ki, 16-18 yaşlı yeniyetmələr üçün nəzərdə tutulan valideyn razılığı mexanizmi ailələrin uşaqların rəqəmsal həyatında daha fəal iştirakına imkan yaradacaq:

"Bu yanaşma valideynlərlə uşaqlar arasında rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması və sosial mediadan düzgün istifadə ilə bağlı dialoqun formalaşmasına kömək edə bilər".

R.Fikrətoğlu vurğulayıb ki, tətbiq olunan dəyişikliklər tam qadağa kimi deyil, rəqəmsal sağlamlığın mərhələli şəkildə formalaşdırılmasına xidmət edən mexanizm kimi qiymətləndirilməlidir.

"Yetkinlik yaşına yaxın dövrdə valideyn nəzarəti altında sosial mediadan istifadə uşaqlarda düzgün rəqəmsal davranış vərdişlərinin formalaşmasına kömək edə bilər", - deyə o əlavə edib.

Ekspert hesab edir ki, bu dəyişiklik dövlətin uşaqların müdafiəsi siyasətinin davamıdır:

"Necə ki, azyaşlıların siqaret, alkoqol, pornoqrafik materiallar və digər zərərli vasitələrə çıxışı qanunla məhdudlaşdırılır, rəqəmsal mühitdə onların təhlükəsizliyini təmin edən mexanizmlərin tətbiqi də eyni məqsədə xidmət edir".

O bildirib ki, beynəlxalq təcrübədə də sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılması, valideyn razılığı və digər təhlükəsizlik mexanizmləri geniş tətbiq olunur.

R.Fikrətoğlunun sözlərinə görə, belə yanaşma gələcəkdə daha məsuliyyətli internet istifadəçilərinin formalaşmasına, kibertəhlükəsizlik mədəniyyətinin inkişafına və rəqəmsal mühitdə hüquq pozuntularının azalmasına müsbət təsir göstərə bilər.

Ekspert sonda vurğulayıb ki, burada söhbət sosial şəbəkələrin qadağan edilməsindən deyil, qeydiyyat zamanı yaşın təsdiqlənməsi mexanizminin tətbiqindən gedir:

"Bu yanaşma uşaqların yaş xüsusiyyətlərinə uyğun qorunmasını təmin etməyə yönəlmiş profilaktik tədbirdir. Bununla yanaşı, tətbiq mexanizmi, şəxsi məlumatların qorunması, yaşın hansı üsulla yoxlanılacağı və uşaqların hüquqlarının necə təmin ediləcəyi məsələləri də diqqətlə nəzərdən keçirilməlidir. Bu balansın qorunması həm uşaqların müdafiəsi, həm də rəqəmsal hüquqların təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Şəhanə Xankişiyeva

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər