Təhsil haqları artır, keyfiyyət yerində "sayır" – Ekspertdən universitet qiymətləri ilə bağlı AÇIQLAMA

Təhsil haqları artır, keyfiyyət yerində sayır – Ekspertdən universitet qiymətləri ilə bağlı AÇIQLAMA
Açıqlama
Sosial 153

Son illərdə ali təhsil müəssisələrində təhsil haqlarında kəskin artım müşahidə olunur. Bəzi ixtisaslar üzrə qiymətlər 2-3, hətta 4 dəfəyə qədər yüksəlib. Təhsil haqlarının artması isə ictimaiyyətdə ciddi narahatlıq doğurur.

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, qiymət artımına səbəb kimi əsasən sosial-iqtisadi göstəricilərin dəyişməsi, inflyasiya və universitetlərin ümumi xərclərinin artması göstərilir. Lakin ekspert qeyd edir ki, təhsil haqlarındakı artım, təəssüf ki, tədrisin keyfiyyəti ilə paralel inkişaf etmir:

"Əgər universitet təhsil haqqını artırırsa, bu artımın arxasında ciddi islahatlar, keyfiyyət dəyişikliyi və akademik göstəricilərdə yüksəliş dayanmalıdır. Təəssüf ki, hazırda bu paralellik müşahidə olunmur. Qiymət artır, amma tələbəyə təqdim olunan tədris, infrastruktur və akademik resurslar eyni səviyyədə qalır."

Rizvan Fikrətoğlunun sözlərinə görə, yalnız son 2 il ərzində bəzi universitetlərdə təhsil haqları 200-500 manat civarında artıb. Bu da bir çox ailə üçün maddi çətinlik yaradır.

Ekspert hesab edir ki, təhsil haqlarının tənzimlənməsi və şəffaf əsaslandırılması üçün dövlət səviyyəsində monitorinqlər aparılmalı, universitetlərin xərcləri və təqdim etdiyi xidmətlər cəmiyyətə açıq şəkildə təqdim edilməlidir.

Şahanə Xankişiyeva

Son xəbərlər