Sürücülərin NƏZƏRİNƏ - Qəzalar ən çox bu səbəbdən baş verir

Sürücülərin NƏZƏRİNƏ - Qəzalar ən çox bu səbəbdən baş verir
Açıqlama
Sosial 131

"Aparılan təhlillər göstərir ki, baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürücülər tərəfindən müəyyən olunmuş sürət həddinin pozulmasıdır. Bəzi sürücülər xüsusi texniki nəzarət vasitələrinin - radarların qarşısında sürəti azaltsalar da, həmin məntəqəni keçdikdən sonra yenidən sürət həddini artırırlar".

Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib.

Baş inspektor əlavə edib ki, statistikaya əsasən, qəzaların əhəmiyyətli hissəsi məhz iki nəzarət vasitəsi arasında, xüsusilə də sutkanın qaranlıq vaxtında, məhdud görünmə şəraitində və işıqlandırılmamış yol sahələrində baş verir. Bəzi hallarda yol infrastrukturunun vəziyyəti də risk faktoruna çevrilir:

"Bir daha vurğulamaq istərdim ki, nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir və onun idarə olunması xüsusi məsuliyyət tələb edir. Sürücülər yol hərəkəti qaydalarına, yol nişanlarının tələblərinə və qanunvericiliyin müəyyən etdiyi normalara ciddi şəkildə riayət etməlidirlər. Məqsəd yalnız inzibati məsuliyyətdən yayınmaq deyil, ilk növbədə özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını qorumaqdır.

Bundan əlavə, yol-nəqliyyat hadisələrinə səbəb olan digər amillər sırasında ara məsafəsinin düzgün saxlanılmaması, nəqliyyat vasitəsinin texniki cəhətdən nasaz vəziyyətdə istismar edilməsi, eləcə də sürücünün yorğun və ya yuxulu halda sükan arxasına əyləşməsi xüsusi yer tutur. Bu kimi hallar diqqətsizlik və məsuliyyətsizlik nəticəsində ağır fəsadlara gətirib çıxara bilir.

Daxili İşlər Nazirliyinin müvafiq qurumu olaraq, qayda pozuntularına qarşı nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək. Lakin təhlükəsiz yol mühiti yalnız inzibati tədbirlərlə deyil, hər bir sürücünün şəxsi məsuliyyəti və hüquq mədəniyyəti ilə formalaşır. Hər kəsi yol hərəkəti qaydalarına əməl etməyə və təhlükəsizliyi prioritet hesab etməyə çağırırıq".

Orxan Hüseyn

Son xəbərlər