Şamaxıda mərkəzi küçə acınacaqlı durumda - RƏSMİ CAVAB
Şamaxı şəhərinin əsas giriş nöqtələrindən birində acınacaqlı vəziyyət hökm sürür.
Belə ki, "Laləzar" qəbiristanlığına gedən yolun yaxınlıqdan keçən su arxı zibil poliqonunu xatırladır. Tullantılar ətrafa səpələnib, əraziyə üfunət yayılıb.
Sakinlərin sözlərinə görə, ərazidə zibil qablarının olmaması onları tullantıları yol kənarına atmağa vadar edir.
Vətəndaşlar bildirirlər ki, zibil qabı qoyularsa və tullantılar mütəmadi daşınarsa, bu cür antisanitariya yaranmaz.
Ərazidə problem bununla bitmir. Belə ki, 40-a yaxın ailənin yaşadığı küçə uzun illərdir asfaltlanmır. Yağışlı günlərdə küçədən keçmək demək olar ki, mümkünsüzdür. Məktəbə gedən uşaqlar hər gün iki ayaqqabı dəyişməyə məcbur qalırlar.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, illər öncə şəhərin girişində təyinatı tikinti məqsədi üçün olmayan sahədə rayonun perspektiv inkişaf və baş planına uyğunsuz şəkildə inşa olunmuş bir neçə fərdi yaşayış evinin yerləşdiyi əraziyə küçə adının verilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyil.
Buna baxmayaraq, orada artıq məskunlaşma faktı nəzərə alınaraq rayonda aparılan mərhələli asfaltlanma işləri çərçivəsində qeyd olunan ərazinin də abadlaşdırılmasına baxılacaq:
"Həmçinin sözügedən ərazidə bir neçə il bundan əvvələ qədər "Şamaxı Təmiz Şəhər" MMC tərəfindən məişət tullantılarının daşınması həyata keçirilib, lakin sakinlər tərəfindən müqavilə şərtlərinə əsasən ödəniş edilmədiyindən xidmət dayandırılıb. Sakinlərin istəyi nəzərə alınaraq qısa müddət ərzində yenidən onlarla MMC arasında müqavilə bağlanılacaq".
Oxşar xəbərlər
Nazirlik 15 000 manatlıq cərimə yazıb
Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən 2026-cı ilin yanvar və fevral ayları ərzində 13 qanunsuz balıq ovu faktı aşkarlanıb, 15 inzibati protokol tərtib ed...