Qeydiyyatsız taksi sürücülərinin NƏZƏRİNƏ - AYNA yeni sistemi işə saldı

Taksi sahəsində aparılan islahatlar nəticəsində son bir ildə mühüm irəliləyişlər əldə olunub.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qurumdan bildirilib ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə başlanıldı, bu istiqamətdə fəaliyyət göstərən daşıyıcılar və onların nəqliyyat vasitələri müvafiq qaydada uçota alındı. Bu məqsədlə 'E-daşıyıcılar' alt sistemi hazırlanaraq istifadəyə verilib.
AYNA bildirib ki, taksi fəaliyyəti göstərən sürücülərin müvafiq qaydada uçota alınması və peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə onlar xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunublar:
"Taksi fəaliyyəti sahəsində elektron nəzarətin təmin edilməsi, daşıyıcıların və sürücülərin fəaliyyətinə operativ və şəffaf şəkildə nəzarət olunması, eləcə də dəqiq statistik məlumatların toplanaraq təhlili məqsədilə 'E-taksi' alt sistemi AYNA tərəfindən yaradılıb.
İslahatlar həyata keçirilməzdən əvvəl şikayətlər əsasən sərnişinlə sürücü münasibətlərindən və nəqliyyat vasitələrinin köhnə olmasından irəli gəlirdi. Lakin sürücülərin müvafiq təlimlərdən keçirilməsi və onlardan narkoloji arayışların tələb olunması bu cür şikayətlərin azalmasına səbəb olub. Həmçinin taksi parkının yenilənməsi də şikayətlərin azaldılmasında mühüm rol oynayıb."
Qurudan bildirilib ki, mövcud vəziyyətdə şikayətlər əsasən sifariş edilmiş ünvanlara fərqli və uyğun olmayan nəqliyyat vasitələrinin göndərilməsi ilə əlaqədardır. Qeyd olunan pozuntu hallarına əsasən operatorların əməkdaşlıq etdiyi taksi parkları tərəfindən yol verilir. Nəqliyyat vasitələrinin tələblərə uyğun olmaması səbəbindən müxtəlif üsullarla qayda pozuntularına əl atırlar. Bu cür halların qarşısını almaq məqsədilə operatorların proqram təminatlarında nəqliyyat vasitələrinin avtomatik tanınması funksionallığı yaradılıb.
Eyni zamanda, AYNA tərəfindən həyata keçirilən mütəmadi monitorinqlər və vətəndaşların şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində pozuntu aşkar olunduqda, avtomobillər xidmətdən kənarlaşdırılır.
Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi istiqamətində də işlər aparılır. Agentlikdən bildirilib ki, artıq AYNA tərəfindən taksi sifarişi operatorlarının sürücülər üçün istifadə etdiyi mobil tətbiqlərdə üztanıma funksiyasının tətbiqinə başlanılıb:
"SİMA rəqəmsal identifikasiya həlli artıq taksi sifarişi ötürülməsi üçün nəzərdə tutulmuş Bolt, Uber və Yango mobil tətbiqinə inteqrasiya edilib. İnteqrasiya nəticəsində artıq qeyd edilən mobil tətbiq üzərindən sifariş alan sürücülər mobil tətbiqdə identifikasiyadan keçərkən SİMA-nın biometriya texnologiyası vasitəsilə öz şəxsiyyətlərini təsdiqləyirlər. Bu texnologiyanın tətbiqi, sürücülərin şəxsiyyətini real vaxt rejimində təsdiq etməklə qeyri-qanuni profil istifadəsinin qarşısını almağa, eləcə də ictimai təhlükəsizliyi artırmağa xidmət edir."
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
AZAL-ın idarə rəisi vəfat etdi
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) SƏTƏMM və Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Rəşad Haqverdiyev vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə sosial me...
