Paytaxtda sahibkar yol kənarını zəbt etdi - Qurumlar nə cavab verdilər?

Paytaxtda sahibkar yol kənarını zəbt etdi - Qurumlar nə cavab verdilər?
Video
Sosial 39

Baku TV-nin qaynar xəttinə paytaxtın Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 2 ünvanında, "Kral" şadlıq sarayının yaxınlığında yolun hər iki tərəfinə boruların yığılması və parklanma yerlərinin zəbt olunması ilə bağlı müraciət daxil olub.

Şikayətçilərin sözlərinə görə, parklanma yerlərinin zəbt edilməsi səbəbindən avtomobillərini qadağan olunmuş ərazilərdə saxlamağa məcbur qalırlar. Bu isə onların cərimələnməsinə gətirib çıxarır.

Bundan əlavə, ərazidə dörd ədəd tərk edilmiş, qəzaya uğramış avtomobilin olduğu bildirilir. Həmin nəqliyyat vasitələrinin uzun müddət yol kənarında saxlanılması parklanma imkanlarını məhdudlaşdırmaqla yanaşı, gediş-gəlişi də çətinləşdirir.

"Burada avtomobil saxlamaq mümkün deyil. Qəzalı vəziyyətdə olan maşınların sayı isə günü-gündən artır. Burada işləyən əməkdaşlar maşınlarını saxlaya bilmədikləri üçün kənarda parklama edirlər və nəticədə cərimə olunurlar", - deyə sakinlərdən biri bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ərazidəki boruların İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə, tərk edilmiş avtomobillərin isə Yerüstü Nəqliyyat Agentliyinin nəzarətində olduğu bildirilib. Lakin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən boruların onlara aid olmadığı açıqlanıb.

Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, boruların ərazidən götürülməsi ilə bağlı sahibkara xəbərdarlıq edilib. Sahibkar təmir-tikinti materiallarının yığışdırılması ilə bağlı öhdəlik götürüb.

Ərazidəki tərk edilmiş qəzalı avtomobillərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli qeyd edib ki, yol hərəkətini pozan sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onun sözlərinə görə, sıxlığa səbəb olan və hərəkəti çətinləşdirən nəqliyyat vasitələri artıq ərazidən evakuasiya edilib

Son xəbərlər