Parlamentdə təbii qazın qiymətinin ucuzlaşdırılması müzakirə olunub

Parlamentdə təbii qazın qiymətinin ucuzlaşdırılması müzakirə olunub
Sosial 2102
 

Milli Məclisin bir sıra komitələrində təmsil olunan deputatların iştirakı ilə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

BAKU.WS Apa-ya istinadən xəbər verir ki, komitənin sədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov iclasda Azərbaycan prezidentinin imzası ilə parlamentə daxil olmuş "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "SOCAR Umid Oil and Gaz Limited” şirkəti arasında Risk Xidmət Sazişini və ona əlavə olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” "SOCAR Umid Oil and Gaz Limited” şirkəti ilə "Umid, Babek Exploration and Production” şirkəti arasında müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini slaydlarla təqdim edib.

O qeyd edib ki, 1953-cü ildə aşkar olunmuş "Ümid” yatağı üzrə kəşfiyyat işlərinin bərpası 2008-ci ildə qərara alınıb və bu məqsədlə "SOCAR Ümid” birgə müəssisəsi yaradılıb: "2010-2011-ci illərdə həmin birgə müəssisə tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində iki quyu qazılıb. İlkin hesablamalara görə, "Ümid” yatağında 2 milyard kubmetr təbii qaz və 40 milyon ton kondensat ehtiyatının olduğu müəyyənləşdirilib”. Deputatların nəzərinə çatdırılıb ki, "Ümid” yatağı üzrə hasilat 2012-ci ildən etibarən həyata keçirilir. 2017-ci ilin 1 mart tarixinədək həmin yataqdan 1 milyard 314 milyon kubmetr təbii qaz və 217 min 700 ton kondensat hasil olunub.

İclasda məlumat verilib ki, 1954-cü ildə aşkar edilmiş "Babək” perspektiv strukturunda isə 1987-ci ildə aparılmış geniş seysmik kəşfiyyat işləri nəticəsində strukturun bioloji quruluşu dəqiqləşdirilib. Ehtimala görə, bu strukturda "Ümid” qaz kondensat yatağı ilə hidrodinamik əlaqədə olan qaz kondensat yatağı aşkar edilə bilər.

Gündəlikdəki qanun layihəsində yer almış müqavilə barədə ətraflı məlumat verdikdən sonra komitə sədri Risk Xidmət Sazişinin müddəalarını da geniş şərh edib. Bildirib ki, məqsəd yerli bazarın neft-qaza olan tələbatını SOCAR-ın fəaliyyəti sayəsində ödəmək, xarici bazardan asılılığı azaltmaq, daxili bazarda təbii qaza olan tələbatı mümkün qədər aşağı qiymətə təmin etməkdir.

Müzakirə zamanı Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Mirkazım Kazımov, Şəmsəddin Hacıyev, Tahir Kərimli, Bəxtiyar Əliyev, İlham Məmmədov qanun layihəsinə müsbət münasibət bildiriblər.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov və komitənin üzvü, SOCAR prezidenti Rövnəq Abdullayev millət vəkillərini maraqlandıran suallara cavab veriblər. Qeyd olunub ki, uğurlu neft siyasəti ilə dünya miqyasında özünə möhkəm yer tutmuş Azərbaycan karbohidrogen ehtiyatları sahəsində bütün riskləri nəzərə alır və istənilən saziş bağlanarkən ilk növbədə ölkəmizin milli maraqları qorunur. Əvvəlki sazişlər kimi, bu saziş də böyük iqtisadi əhəmiyyətə malikdir.

Yekunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

BAKU.WS

Son xəbərlər