"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?

Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik - Nərimanovda ərazi niyə hasara alınıb?
Video
Sosial 31

Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, 95 ünvanında fəaliyyət göstərən onlarla sahibkar obyektlərinin gələcək taleyindən narahatdır.

Sahibkarların sözlərinə görə, təxminən iki ay əvvəl ərazidə yeni layihənin həyata keçiriləcəyi bildirilib və onlardan obyektləri boşaltmaları tələb olunub.

Bu barədə Baku TV-nin videomaterialında deyilir.

Həmin vaxtdan telefon təmiri, saat və müxtəlif aksesuarların satışı ilə məşğul olan ticarət obyektlərinin fəaliyyəti dayandırılıb. Ərazi hazırda hasara alınsa da, sahibkarlar burada real işlərin aparılmadığını bildirirlər. Onların sözlərinə görə, obyektlərin elektrik, su və qaz təchizatı da kəsilib. Sahibkar Qabil Qasımov bildirib ki, obyekt üzərində rəsmi mülkiyyət hüququna malikdir:

"Obyektin rəsmi çıxarışı var. Burada 2010-2011-ci illərdən fəaliyyət göstəririk. Bizə yalnız dövlət layihəsinin həyata keçiriləcəyi və obyekti boşaltmalı olduğumuz deyildi. Lakin bundan əvvəl mülkiyyətçilərlə razılıq əldə olunmalı, kompensasiya və ya alternativ yer məsələsi müzakirə edilməli idi".

Onun sözlərinə görə, obyektlərin boşaldılması nəticəsində sahibkarlara ciddi maddi ziyan dəyib:

"Buraya onminlərlə manat vəsait qoymuşuq. Təmir, kondisioner, işıqlandırma sistemi və mallarımız yararsız vəziyyətə düşüb. İki aydır işləyə bilmirik və gəlir əldə etmirik".

Sahibkarlar məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyirlər. Bildirilib ki, onlara layihə ilə bağlı gözləmələri tövsiyə olunub.

"Kim bizi çağıracaq, nə vaxt çağıracaq, yerimiz bərpa olunacaq, yoxsa kompensasiya veriləcək - bunların heç biri barədə məlumat yoxdur. Sadəcə, gözləməyimiz tələb olunur", - Qabil Qasımov qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər