Mal-qarasını itirən sahibkarlar dövlətdən necə pul ala bilər? - AÇIQLAMA

Mal-qarasını itirən sahibkarlar dövlətdən necə pul ala bilər? - AÇIQLAMA
Sosial 133

Quba rayonunda yırtıcı heyvanların, o cümlədən ayıların kəndə hücum edərək mal-qara və digər təsərrüfat heyvanlarına hücumu və zərər vurması barədə xəbər vermişdik. Hadisə nəticəsində yerli sakinlərə və təsərrüfatlara ciddi zərər dəyib.

Azərbaycanda təsərrüfatların belə hallardan qorunması üçün aqrar sığorta mexanizmi mövcuddur. Bu sahədə fəaliyyət göstərən Aqrar Sığorta Fondundan BAKU.WS-nin sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə, kənd təsərrüfatı heyvanlarını, iri buynuzlu və xırda buynuzlu mal-qaranı sığortalamaq olar.

Buraya südlük və ətlik mal qara, yəni inək və danalar, eləcə də xırda buynuzlu heyvanlar, yəni qoyun və keçi təsərrüfatları aiddir.

Aqrar sığorta heyvanları yoluxucu xəstəliklər, ilan və həşərat sancması, zəhərli ot və yemdən, kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakətlər, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, soyğunçuluq və quldurluq halları nəticəsində dəymiş zərərlərdən qoruyur.

Göründüyü kimi, sığorta risklərinin siyahısına vəhşi heyvanların hücumu da daxildir. Yəni bu hadisədən də ödəniş nəzərdə tutulub. Sığorta haqqına isə 50 faizlik dövlət dəstəyi nəzərdə tutulub. Yəni sığorta haqqının yarısını dövlət ödəyir, fermer isə sığorta haqqının yalnız 50 faizini ödəyir.

Sığorta haqqı heyvanın qiymətinə əsasən hesablanır, belə ki, 300 manatlıq qoyun və ya keçinin illik sığortası 8-12 manata, 1000 manatlıq inəyin sığorta haqqı isə 26-41 manat arasındadır. 2000 manatlıq inək üçün sığorta haqqı 52-82 manat arasında dəyişir. Fermer bu məbləği ödəməklə heyvanın 1 il müddətində sığorta əldə edə bilər. Hadisə baş verərsə, yəni məsələn, vəhşi heyvanların hücumu nəticəsində heyvan tələdlf olarsa, heyvanın qiymətinin 90 faizi qədər ödəniş edilir.

Məsələn 300 manatlıq qoyun tələf olarsa fermerə 270 manat, 2000 manatlıq inək tələf olduqda isə 1800 manat ödəniş edilir. Aqrar Sigorta Fondu tərəfindən vəhşi heyvanların hücumu ilə bağlı 20-yə yaxın hadisə qeydə alınıb və ödənişlər edilib.

Təkcə bu il, 2024-cü ilin 7 ayında vəhşi heyvanların təsərrüfatlara hücumu ilə bağlı 8 hadisə qeydə alınıb, 8 baş kənd təsərrüfatı heyvanı tələf olub və ona görə, fermerlərə ümumilikdə 37 485 manat ödəniş edilib.

Ümumilikdə indiyədək heyvandarlıq sığortası üzrə 2,5 milyon manat sığorta ödənişi edilib. 2022-ci ildə bu rəqəm 710 min manat, 2023-cu ildə 910 min, 2024-cü ilin ilk 8 ayında isə 770 min manat sığorta ödənişi verilib.

Son xəbərlər