Kirayə mənzillərin qiyməti 15 faiz bahalaşacaq - Bu tarixlərdə

Kirayə mənzillərin qiyməti 15 faiz bahalaşacaq - Bu tarixlərdə
Açıqlama
Sosial 57

Kirayə mənzil bazarında artıq canlanma başlayıb. İyul ayından etibarən kirayə mənzillərlə bağlı müraciətlərin sayı artır. Hər il mövsümi olaraq 50 mindən çox tələbə Bakıya gəlir və onların böyük əksəriyyəti paytaxtda yerləşən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alır.

Tələbələrin bir hissəsinin Bakıda mənzili olsa da, əksəriyyəti kirayə bazarına müraciət edir. Bu da bazarda aktivliyi artırır və qiymətlərə təsir göstərir.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc hesab edir ki, kirayə mənzil bazarında aktivlik avqustun sonu və sentyabrın əvvəlində pik həddə çatacaq:

"Həmin dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə kirayə qiymətlərində ərazidən asılı olaraq təxminən 15 faizlik artım mümkündür.

Sentyabrın ikinci yarısından etibarən isə kirayə bazarında aktivliyin azalacağı və qiymətlərin müəyyən qədər stabilləşəcəyi gözlənilir. Bu, qiymətlərin ucuzlaşacağı anlamına gəlmir. Sadəcə, mövsümi tələbin zəifləməsi ilə qiymət artımının tempi aşağı düşə bilər.

Kirayə mənzillərə tələbi yalnız tələbələr formalaşdırmır. Rayonlardan Bakıya köçən şəxslər, daxili miqrasiya nəticəsində paytaxta gələn işçilər, sahibkarlar və xarici vətəndaşlar da bazarda mühüm paya sahibdirlər.

Tələbələrin daha çox Yasamal, Nərimanov, Xətai, Binəqədi, İnşaatçılar, Elmlər Akademiyası, 20 Yanvar, Gənclik, Nəsimi və digər mərkəzə yaxın ərazilərə üstünlük verdiyi müşahidə olunur. Bu ərazilərdə 28 May və Nizami kimi mərkəzi stansiyaların fəaliyyətinin müəyyən müddət məhdudlaşması da sərnişin və kirayə tələbinin digər ərazilərə yönəlməsinə təsir göstərə bilər".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər