EDVGERİAL: “Dama-dama göl olar” - FOTO

EDVGERİAL: “Dama-dama göl olar” - FOTO
Foto
Sosial 687

Pulunuza qənaət edə bilirsinizmi? Yoxsa pul yığmaq istəyirsiniz, amma alınmır? “Dama-dama göl olar” atalar sözünü, yəqin ki, hamı yaxşı bilir. Beləliklə, xalq müdrikliyinə əməl etməli olsaq, çox yığmaq üçün aza laqeyd yanaşmamalıyıq.

Bu yaxınlara qədər nəinki hər alqı-satqıdan ödədiyimiz vergilərin miqdarı barədə düşünmürdük, bəzən kassada alınan malların pulunu ödəsək də, kassa çekini belə almırdıq. Vergi xidməti kassa çeklərinin verilməməsi problemini nə qədər həll etməyə çalışsa da, bu vəziyyət nəzarət mexanizminin vətəndaşların əllərinə keçənə qədər problem olaraq qaldı.

Dünən qeyri-real görünən şey bu gün əksər istehlakçılara - kiçikdən böyüyə qədər hər kəsə məlumdur, mağazada malların alınması zamanı və ya hər hansı bir restoranda çek tələb edirik və onu atmırıq, çünki sonradan əlavə dəyər vergisinin müəyyən hissəsini qaytarmaq üçün o saxlanılmalıdır.

Çekin nağd və ya köçürmə yolu ilə ödənişə görə verilməsindən asılı olmayaraq, hər kəs www.edvgerial.az portalında kassa çekini qeydiyyatdan keçirərək verginin bir hissəsini qaytara bilər. Portalda qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (FIN-kodu), doğum tarixini və mobil telefon nömrəsini daxil etmək kifayətdir.

Üstəlik, bu gün, demək olar ki, bir çox onlayn ödəniş platformalarının mobil tətbiqləri kassa çekindəki QR kodunu skan etmək və onu www.edvgerial.az portalında avtomatik qeydiyyatdan keçirmək imkanına malikdir ki, bu da çek alındıqdan sonra 90 gündən gec olmayaraq edilməlidir.

Məlumat sistemində kassa çeki təsdiq edildikdən sonra 30 gün ərzində nağdsız ödənişlər üzrə ƏDV məbləğinin 15%-i, nağd ödənişlər üzrə 10%-i istehlakçının elektron pul kisəsinə yerləşdirilir. Bu vəsaitlər kommunal xidmətlərin, telefon xidmətlərinin, cərimələrin və sığortaların ödənilməsinə, hətta nağd pulun alınmasına və s. istifadə oluna bilər.

ƏDV-nin geri qaytarılması prosesində ilk növbədə üç amili nəzərə almaq lazımdır. Əvvəla, satın alan və ya xidmətlərdən istifadə edən istehlakçı fiziki şəxs olmalıdır. İkincisi, mal və ya xidmət təklif edən satıcı ƏDV ödəyicisi olmalıdır. Üçüncüsü, verginin bir hissəsinin qaytarılması yalnız yeni nəsil nəzarət-kassa aparatlarından istifadə edilən obyektlərdə mümkündür.

Bu, görünüşcə çox sadə və ölkə daxilində aktiv olan prosedur özündə böyük məna daşıyır. Nəticədə, www.edvgerial.az portalının istifadəçilərinin hər biri mal alışı üçün kassa qəbzi tələb etməklə pərakəndə satış bazarının şəffaflaşdırılmasına, bununla da vergilərin büdcəyə ödənilməsi üzərində ictimai nəzarətin təmin olunmasına töhfə verir.

Pərakəndə ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadədən yayınma istehlakçıların hüquqlarını pozmaqla yanaşı, nağd pulun kölgə iqtisadiyyatı dövriyyəsinə də şərait yaradır.

Bu, iştirakçılarının qanunsuz maliyyə əməliyyatları sisteminə cəlb edilməsinə və vergidən yayınmasına gətirib çıxarır.

Eyni zamanda, dövlət xidmətləri üçün malların hərəkətini izləmək, daha dəqiq desək, onların tarixini, satış həcmini və balansını, habelə təkrar satış zəncirinin hər mərhələsində qiyməti müəyyən etmək çətindir.

Bu səbəbdən bazarda istehlakçılar üçün təhlükəli olan qeyri-qanuni və ya saxta məhsullar ortaya çıxa bilər. Və hər birimiz bilmədən qanunsuz əməliyyatların ortağı oluruq. Vergi orqanları innovativ texnologiyaları tətbiq etməklə bu cür əməliyyatları izləyir və qarşısını alır.

Beləliklə, yeni nəsil nəzarət-kassa aparatları (NKA) pul hesabatlarına dair bütün məlumatları vergi idarəsinin elektron məlumat sisteminə köçürməyə imkan verəcək.

Ölkə daxilində onlayn nəzarət-kassa aparatlarına tam keçid 31 dekabr 2022-ci ilə qədər tamamlanmalıdır. İndiyədək Azərbaycanda təxminən 48 500 yeni nəzarət-kassa aparatı quraşdırılıb.

Yeri gəlmişkən, vergi ödəyicisinin kassa aparatının alışı və quraşdırılması ilə bağlı xərclərinin təqdim etdiyi faktura əsasında 350 manat həcmindəki hissəsi vergi öhdəlikləri əvəz edilir.

Yeni nəzarət-kassa aparatları istifadə edənlərin, əlavə dəyər vergisi ödəyənlərin sayının artması ilə geri qaytarılan ƏDV vəsaitinin toplanması imkanları artır.

www.edvgerial.az portalının 1,5 illik fəaliyyəti ərzində 296,85 milyondan artıq qeydiyyatlı çek üzrə 119,66 milyon manatdan artıq vəsait istehlakçılara qaytarılıb. Bir sentyabr 2021-ci il tarixinə www.edvgerial.az portalında 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

Vergi sistemi üçün bu yeniliklər vergi ödəyiciləri üzərində daha səmərəli və şəffaf nəzarət sisteminin yaradılması deməkdir.

Onlayn nəzarət-kassa aparatlarının quraşdırılmasında məqsəd məlumatların çekdən vergi xidmətinin məlumat bazasına real vaxt rejimində ötürülməsini təmin etməklə, kassa əməliyyatlarının düzgün uçotunu aparmaq və vergi yoxlamalarının sayını azaltmaqdan ibarətdir.

İnsan amilini məlumatların toplanması və ötürülməsi prosesindən kənarlaşdırmaq əməliyyatların daha sürətli, şəffaf və sistemli şəkildə həyata keçirilməsinə imkan verəcək.

Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəticəsində kassa çekinin formatına dair tələblər də dəyişir.

Belə ki, satılan mallar/xidmətlər (onun adı, miqdarı, qiyməti) haqqında məlumatla yanaşı, kassa çekində “QR-kod” da göstərilməlidir ki, bu da qəbzin etibarlı olub-olmamasını yoxlamağa imkan verir.

Yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması ilə sahibkarlar malların uçotu sisteminin təkmilləşdirilməsi və daxili auditin strukturunun sadələşdirilməsi baxımından da faydalar əldə edəcək. Sahibkarlar istənilən vaxt ehtiyac gördükləri daxili hesabatları yaradaraq mövcud vəziyyət haqqında məlumat əldə edə biləcəklər.

Yeni kassa aparatlarına keçid daha çox texniki bir məsələdir, son nəticə olaraq kassa qəbzi tələb etmək və dövlət büdcəsinə vergilərin ödənilməsinə ictimai nəzarətin iştirakçısına çevrilmək istehlakçının üzərinə düşən məsuliyyətidir.

Son xəbərlər