DYP kütləvi reydlərə başladı: "AA" da saxlanıldı - FOTO

DYP kütləvi reydlərə başladı: AA da saxlanıldı - FOTO
Sosial 5502
 

Dövlət yol polisi inzibati xəta törətdiyi üçün cərimə olunan sürücülərə qarşı kütləvi reydlərə start verib. 

BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, növbəti reyd Bakının Səbail rayonu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. 

Rayonun müxtəlif ərazilərində keçirilən reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Onların bir neçəsinə cərimələri ödəmə terminalı vasitəsilə yerindəcə ödəmək imkanı yaradılıb. Bəzilərinin avtomobili cərimə meydançasına aparılıb.

Sürücülər cərimələri bank, poçt və ASAN ödəniş terminallarında ödəyəndən sonra avtomobili cərimə meydançasından çıxara biliblər.

Lakin bəzi sürücülər "imkanım yoxdur" deyərək ödəniş etməkdən boyun qaçırıb. Belə sürücülər arasında 500-600 manat cəriməsi olanlar var idi. DYP əməkdaşları onlara "cəriməni ödəyə bilmirsinizsə, bu qədər qayda da pozmayın" dedikdə isə həmin sürücülər "özüm bilərəm" deməyi də unutmadılar.

Reyd zamanı 12 MMX protokolu olan "Lexus" markalı, 90 AA 848 dövlət nömrə nişanlı avtomobil də saxlanıldı. Sürücü "saxla" işarəsinə əməl etməyib hərəkəti dava etdirsə də, sonradan onu saxlamaq mümkün oldu və avtomobil cərimə meydançasına aparıldı.

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev bildirdi ki, rayon ərazisində qeydiyyatda olan sürücülər arasında cərimələri ödəməyənlər çoxluq təşkil edir. Son iki gündə keçirilən reydlər nəticəsində 10 min manatdan artıq cərimənin ödənilməsi təmin edilib, 60-a yaxın avtomobil isə cərimə meydançasına aparılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov isə bildirdi ki, cərimənin ödənilməsini 3 aydan çox gecikdirən sürücülər barəsində toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndəriləcək və onların sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırılması barədə vəsatət qaldırılacaq.

Vaqif Əsədov bildirib ki, cərimələrin ödənilməsi ilə bağlı reydlər davam edəcək.

BAKU.WS

Son xəbərlər