Dünya Koxlear günü - Bir cihaz, bir səs, bir həyat

Dünya Koxlear günü - Bir cihaz, bir səs, bir həyat
Müsahi̇bə
Sosial 69

Koxlear implantasiya yalnız tibbi müdaxilə deyil. Bu, bir uşağın ilk dəfə "ana" deməsinə, bir valideynin isə övladının səsini eşitməsinə açılan qapıdır.

Dünya Koxlear İmplant Günü münasibətilə BAKU.WS-in suallarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin təminatı və ekspertizası departamentinin əməkdaşı Esmira Həsənova və LOR Hospitalın qulaq-burun-boğaz, baş-boyun cərrahı Tacəddin Muradov cavablandırıb.

Dünya Koxlear günü - Bir cihaz, bir səs, bir həyat

– Tacəddin həkim, eşitmə itkisi hansı səbəblərdən yaranır və daha çox kimlərdə rast gəlinir?

Tacəddin Muradov bildirir ki, eşitmə itkisi həm uşaqlarda, həm də böyüklərdə müşahidə olunur. Lakin səbəblər yaşa görə dəyişir.

Onun sözlərinə görə, uşaqlarda eşitmə azlığı anadangəlmə və ya sonradan qazanılmış ola bilər:

"Anadangəlmə hallarda əsas risk erkən müdaxilə olunmamasıdır. Çünki eşitməyən uşaq eyni zamanda danışmağı da öyrənə bilmir. Sonradan yaranan eşitmə problemləri isə tez-tez təkrarlanan infeksiyalar, uzunmüddətli burun tutulması və qulaq yolunda yaranan problemlərlə bağlı ola bilər. Valideynlərin diqqətli olması və vaxtında həkimə müraciət etməsi həlledici rol oynayır. Erkən müdaxilə uşağın gələcək nitqini və sosial inkişafını xilas edə bilər".

Həkim qeyd edir ki, böyüklərdə eşitmə itkisi daha çox yaşla bağlı dəyişikliklər, iltihabi və degenerativ proseslər, travmalar, bəzi infeksiyalar və uzun müddət yüksək səsə məruz qalmaq nəticəsində yaranır:

"Bəzən insanlar eşitmənin zəifləməsini adi hal kimi qəbul edir və gec müraciət edirlər. Halbuki eşitmə yalnız səsi duymaq deyil. Bu, ünsiyyət, təhlükəsizlik və sosial həyatla birbaşa bağlı olan vacib hissdir".

Tacəddin Muradov anadangəlmə eşitmə itkisi olduqda koxlear implantasiya əməliyyatının uşaqlarda 5 yaşadək icra olunmasını tövsiyə edir.

– Koxlear implantasiya hansı hallarda tətbiq olunur?

Həkimin sözlərinə görə, koxlear implantasiya ağır və ikitərəfli eşitmə itkisi olan şəxslər üçün tətbiq edilən cərrahi müalicə üsuludur.

"Koxlear implant iki əsas hissədən ibarətdir – daxili və xarici komponent. Xarici hissə ətraf mühitdən gələn səsləri qəbul edərək onları elektrik siqnallarına çevirir və əməliyyat zamanı qulağa yerləşdirilən daxili hissəyə ötürür. Daxili sistem isə bu siqnalları birbaşa daxili qulağa – koxleaya çatdırır və eşitmənin formalaşmasına imkan yaradır".

O bildirir ki, anadangəlmə eşitmə itkisi zamanı əməliyyatın erkən yaşda, xüsusilə 5 yaşadək icrası vacibdir. 5 yaşdan yuxarı uşaqlarda implantasiya əsasən danışıq qabiliyyəti formalaşmış, lakin sonradan eşitməsini itirmiş hallarda tətbiq edilir.

Böyüklərdə isə nitqi qorunub saxlanılan, lakin hər iki qulaqda ciddi eşitmə itkisi olan və adi eşitmə aparatlarından fayda görməyən şəxslər üçün koxlear implant effektiv alternativ sayılır.

Tacəddin Muradov əlavə edir ki, əməliyyatdan sonra uşaqlar ilk dəfə səs eşitdikləri üçün adaptasiya və nitqin formalaşması müəyyən vaxt tələb edir.

– Əməliyyatdan sonrakı mərhələ necə keçir?

Həkim deyir ki, əməliyyatdan təxminən bir ay sonra cihazın xarici hissəsi qoşulur və pasiyent ilk dəfə səslərlə tanış olur:

"Böyüklərdə bu proses daha sürətli keçir. Çünki onların nitqi artıq formalaşıb. Lakin uşaqlar üçün bu, tamamilə yeni mərhələdir. Onlar ilk dəfə ana səsini və ətraf mühitin səslərini eşidirlər. Bu səslərə alışmaq və danışmağı öyrənmək zaman və səbir tələb edir".

Onun sözlərinə görə, əməliyyat nə qədər erkən icra olunarsa, nəticə bir o qədər uğurlu olur. Xüsusilə 1 yaş ətrafında müdaxilə edilən uşaqlar daha tez adaptasiya olunur və yaşıdları kimi cəmiyyətə inteqrasiya edə bilir.

– Esmira xanım, icbari tibbi sığorta çərçivəsində hansı xidmətlər qarşılanır?

Dünya Koxlear günü - Bir cihaz, bir səs, bir həyat

Esmira Həsənova bildirir ki, eşitmə itkisinin bərpası üçün müayinə və müalicə prosedurlarına həkim müayinəsi, diaqnostik testlər, cərrahi əməliyyat, koxlear implant cihazı və digər tibbi sərflər daxildir.

"Diaqnozun təyini üçün BERA testi, KT, MRT və audiometriya müayinələri aparılır.

Anadangəlmə ağır dərəcəli eşitmə azlığı BERA testinin nəticəsi ilə, sonradan yaranmış ağır dərəcəli eşitmə azlığı isə BERA testi və audiometriya ilə təsdiqlənir".

Onun sözlərinə görə, əməliyyat zamanı istifadə olunan dərmanlar, tibbi sərf materialları, koxlear implant sistemi – daxili cihaz və nitq prosessoru da icbari tibbi sığorta hesabına qarşılanır.

"Əməliyyatdan sonrakı 12 ay ərzində cihazın 3 dəfə tənzimlənməsi, eləcə də 36 seans loqoped və 36 seans psixoloq xidməti icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təmin edilir".

– Əməliyyatdan sonrakı mərhələdə hansı yeniliklər tətbiq olunub?

Agentlik rəsmisi qeyd edir ki, hazırda nitq prosessoru ilə bağlı daha 3 yeni tibbi xidmət təminata alınıb.

"İmplantasiyadan 1 il sonra üst cihazın 4 dəfə tənzimlənməsi icbari tibbi sığorta hesabına həyata keçiriləcək. Bundan əlavə, azı 5 il istifadə olunmuş nitq prosessorlarının daha müasir modellə əvəz edilməsi də qarşılanır. Zəmanət müddəti başa çatmış və yararsız vəziyyətə düşmüş üst cihazların eyni modelin yenisi ilə dəyişdirilməsi də təminata daxildir".

– Ötən il neçə nəfər əməliyyat olunub?

Esmira Həsənova bildirir ki, 2025-ci il ərzində icbari tibbi sığorta hesabına 136 vətəndaşa koxlear implantasiya əməliyyatı icra olunub:

"Koxlear implantasiya əməliyyatlarının sayında limit tətbiq olunmur. Ehtiyac yaranan hər kəs bu xidmətdən yararlana bilər. Əməliyyatlar Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində həyata keçirilir".

– Vətəndaşlar hara müraciət etməlidir?

Onun sözlərinə görə, vətəndaşlar ilk olaraq TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarına müraciət etməlidir. Diaqnoz dəqiqləşdirildikdən sonra əməliyyat Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində göndəriş əsasında icra olunur.

Beləliklə, koxlear implantasiya eşitmə cihazlarının yetərli olmadığı hallarda insanlara səsləri yenidən duymaq imkanı yaradır. Bu, tibbi texnologiyanın insan həyatına toxunan ən həssas nümunələrindən biridir.

Şahanə Xankişiyeva

Son xəbərlər