Dil üzərindəki ləkələr bu XƏSTƏLİYİN ƏLAMƏTİDİR
"Xoşxassəli miqrasiya edən qlossit" dildə xroniki iltihabi bir vəziyyətdir. Bu xəstəlik infeksiyalarla və ya bədxassəli proseslərlə əlaqəli deyil və adətən öz-özünə keçər.
BAKU.WS xəbər verir ki, xəstəliyin əsas əlaməti dilin səthində ağ kənarlı çəhrayı ləkələrin əmələ gəlməsidir. Bu ləkələr həkimlərin dediyinə görə dilin coğrafi xəritəsini xatırladır. Ləkələr dilin kiçik dad reseptorlarının qismən itməsi səbəbindən yaranır və zamanla digər hissələrdə yenidən görünə bilər. Buna görə xəstəlik "miqrasiya edən" adlanır.
Əksər hallarda simptomlar yüngüldür, lakin bəzən turş, ədviyyatlı və ya çox isti qida zamanı yanma və diskomfort hiss edilə bilər. Bu xroniki iltihab dünya əhalisinin təxminən 1–2,5%-də rast gəlinir və ən çox 20–29 yaş arasında müşahidə olunur. Qadınlarda bu xəstəlik bir qədər daha çox yayılıb.
Səbəbləri tam məlum olmasa da, psixososial və genetik faktorların rolu qeyd olunur. Stress, atopik xəstəliklər (məsələn, astma və atopik dermatit), allergiyalar, bəzi hallarda isə vitamin B qrupu və dəmir çatışmazlığı ilə əlaqəsi göstərilib. Siqaret çəkənlərdə xəstəliyin yayılması daha yüksəkdir.
Diaqnoz əsasən kliniki müayinə ilə qoyulur. Zərurət olduqda əlavə laborator və instrumental testlər, həmçinin ixtisaslaşmış mütəxəssislərin məsləhətləri tələb oluna bilər.
Müalicə adətən tələb olunmur. Yanma və ağrı olduqda lokal anestetiklər (məsələn, lidokain gelləri) və ya həkim nəzarətində qeyri-steroid iltihab əleyhinə dərmanlar istifadə edilə bilər. Digər müalicə üsulları, topikal kortikosteroidlər, retinoidlər, takrolimus və s. effektivliyi ardıcıl olmadığı üçün geniş tətbiq edilmir.
Profilaktika məqsədilə əsas allergik və atopik xəstəliklərin idarəsi, stressin azaldılması və siqaretdən imtina tövsiyə olunur. Qida və diş pastası xəstəliyi yaratmır, lakin bəzi qıcıqlandırıcı qidalar və allergik həssaslıq halları simptomları gücləndirə bilər.
Xəstəlik yoluxucu deyil və heç bir şəkildə başqasına keçmir.
Oxşar xəbərlər
Cəbrayıla köç edəcək sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində yeni klub-icma mərkəzi inşa edəcək. BAKU.WS-in məlumatına görə, 1042 ailə üçün...