Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
"Azərbaycanda bu ildən tətbiqinə başlanılması gözlənilən dəyişkən iş qrafikinin əsas məqsədi şəhər nəqliyyatına düşən yükü azaltmaqdır. Bu addım müəyyən müsbət təsirlər yaratsa da, uzunmüddətli perspektivdə problemin köklü həlli üçün kifayət etməyəcək".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, dəyişkən iş saatları ilk növbədə ictimai nəqliyyatda sıxlığın azaldılmasına hesablanıb:
"Bu yanaşma metro, avtobus və gələcəkdə istifadəyə verilməsi planlaşdırılan tramvay və şəhərdaxili qatar xətlərində sərnişin axınının gün ərzində daha bərabər paylanmasına imkan yarada bilər. Təşəbbüs həmçinin avtomobil sıxlığının və tıxacların müəyyən qədər azalmasına da təsir göstərəcək:
Düşünürəm ki, bu sistem müəyyən nəticələr verəcək. Dünyanın bir çox böyük şəhərlərində oxşar təcrübələr tətbiq olunur və ilk mərhələdə müsbət effekt müşahidə edilir. Lakin zaman keçdikcə şəhərin böyüməsi və əhali sayının artması nəticəsində eyni problemlər yenidən ortaya çıxır".
AQC sədri hesab edir ki, yalnız iş qrafiklərinin dəyişdirilməsi ilə nəqliyyat problemini həll etmək mümkün deyil. Bununla yanaşı, şəhərin yükünü azaldacaq daha genişmiqyaslı addımlar atılmalıdır:
"İstehsal müəssisələrinin, bəzi ali təhsil ocaqlarının və dövlət qurumlarının bir hissəsinin şəhər kənarına köçürülməsi daha effektiv nəticə verə bilər. Xüsusilə təhsil müəssisələrinin yaxınlığında tələbə yataqxanalarının tikilməsi gündəlik nəqliyyat axınının azalmasına kömək edə bilər.
Birbaşa vətəndaşlara xidmət göstərməyən bəzi dövlət qurumlarının şəhər mərkəzindən kənara köçürülməsi, həmçinin xidməti avtomobillərin sayının azaldılması da tıxac probleminin həllinə töhfə verə bilər.
Dünyanın müxtəlif ölkələrində dövlət idarəçiliyinin və biznes mərkəzlərinin fərqli şəhərlərdə yerləşdirilməsi təcrübəsi mövcuddur. Türkiyədə İstanbulun iqtisadi, Ankaranın isə inzibati mərkəz kimi formalaşması buna nümunə göstərilir".
V.Oruc sonda vurğulayıb ki, dəyişkən iş qrafiki qısamüddətli dövrdə müəyyən rahatlıq yaratsa da, şəhərin sürətlə böyüməsi fonunda bu tədbirin təsiri zamanla zəifləyə bilər:
"Bu gün şəhərdə 4 milyon nəfər yaşayırsa, sabah bu rəqəm 5 milyona çatdıqda eyni problemlərlə yenidən qarşılaşacağıq. Ona görə də məsələ kompleks yanaşma tələb edir və yalnız dəyişkən iş saatları ilə məhdudlaşmamalıdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Düzgün qidalanmamaq əlilliyə səbəb olur - Həkimdən AÇIQLAMA
Yanlış qidalanma bir çox xroniki xəstəliklərin yaranmasının əsas səbəblərindən biri olaraq qalır. BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, qeyri-s...