Azərbaycanın su ehtiyatları nə qədərdir? - RƏSMİ

Azərbaycanın su ehtiyatları nə qədərdir? - RƏSMİ
Sosial 87

Hazırda Azərbaycanın yerüstü su ehtiyatları 27 milyard kub metr təşkil edir. Yeraltı su ehtiyatlarının illik istismar həcmi isə 9 milyard kub metrə yaxındır.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qurumun məlumatına görə, Azərbaycan su ehtiyatları baxımından məhdud imkanlara malik ölkələrdəndir. Şirin su ehtiyatlarımızın böyük hissəsi, təxminən 70 faizi transsərhəd çayların payına düşür:

"Ümumilikdə, hazırkı vəziyyətdə bu həcm qənaətbəxş hesab edilsə də, lakin nəzərə almaq lazımdır ki, su təbii resursdur və ölkənin su ehtiyatlarının məhdudluğu, eyni zamanda iqlim amilləri fonunda sudan səmərəli və qənaətli istifadə hər zaman diqqətdə saxlanılmalıdır".

Həmçinin vurğulanıb ki, qlobal iqlim dəyişmələri fonunda bölgədə yağıntıların azalması, temperaturun artması, transsərhəd çay hövzələrində su axınlarının qismən azalması müşahidə edilir. Lakin bu kimi hallarla əlaqədar Prezident İlham Əliyev 10 oktyabr 2024-cü ildə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

"Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bir sıra işlər icra edir. Bu istiqamətdə infrastukturun təmkilləşdirilməsi, yeni şəbəkələrin qurulması prioritet olduğu kimi alternativ su mənbələrinin araşdırılması da əsas hədəflərdəndir".

Son xəbərlər