Azərbaycanda süni intellektin inkişafı: Yerli mütəxəssislər və tətbiq imkanları

Azərbaycanda süni intellektin inkişafı: Yerli mütəxəssislər və tətbiq imkanları
Açıqlama
Sosial 31

Süni intellekt (SI) texnologiyaları dünyada sürətlə inkişaf edir və ölkələr bu sahədə rəqabət aparırlar. Azərbaycanda da son illərdə süni intellektin inkişafı ilə bağlı müxtəlif addımlar atılsa da, hələ də bir sıra problemlər qalmaqdadır. Yerli mütəxəssislərin yetişdirilməsi, texnologiyanın dövlət və özəl sektorda tətbiqi, həmçinin etik və hüquqi standartların formalaşması kimi mühüm məsələlər gündəmdədir.

Mövzuyla bağlı İT mütəxəssisi Elvin Abbasov BAKU.WS-ə bildirib ki, Azərbaycanda süni intellekt sahəsində son illər müəyyən pozitiv dinamika müşahidə olunur:

"Universitetlərdə bu sahədə ixtisaslaşma başlayıb, yerli startaplar və fərdi mütəxəssislər artıq praktiki layihələr həyata keçirirlər. Lakin hələlik bu sahədə yüksək ixtisaslı kadrların sayı məhduddur və dərin ixtisaslaşma tələb edən süni intellekt layihələri üçün xarici resurslardan istifadə zərurəti qalmaqdadır. Bu boşluğu doldurmaq üçün yerli təlim proqramları, inkubasiya mərkəzləri və dövlət səviyyəsində motivasiyaedici təşviqlər artırılmalıdır".

Texnologiyanın tətbiqi məsələsinə gəldikdə isə ekspert qeyd edir ki, dövlət sektorunda rəqəmsal xidmətlər, sənəd dövriyyəsi və analitik platformalarda süni intellektin ilkin tətbiqləri mövcuddur:

"Asan Login, MyGov və digər e-platformalarda müəyyən avtomatlaşdırma mexanizmləri artıq tətbiq olunmağa başlayıb. Özəl sektorda isə əsasən banklar, sığorta şirkətləri və telekommunikasiya sahəsində chatbotlar, analiz sistemləri və risk qiymətləndirmə mexanizmləri üzərindən istifadə artır. Lakin hələ də geniş tətbiq və dərinləşmə üçün strateji yanaşma, hüquqi baza və mütəxəssis çatışmazlığı hiss olunur".

Etik standartların formalaşmasına dair sualı cavablandıran Abbasov əlavə edib ki, artıq bu istiqamətdə ilkin addımlar atılıb:

"2025–2028-ci illər üçün qəbul edilən süni intellekt strategiyası çərçivəsində etik çərçivələrin yaradılması nəzərdə tutulur. Bundan əlavə, AZS ISO/IEC 42001:2025 kimi beynəlxalq standartların yerli şəraitə uyğunlaşdırılması və tətbiqi, etik risklərin idarə edilməsi, şəffaflıq və insan hüquqlarına hörmət kimi prinsipləri əhatə edir. Lakin bu proses hələ ilkin mərhələdədir və daha geniş ictimai iştirakla formalaşdırılmalıdır".

Şahanə Xankişiyeva

Son xəbərlər