Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir? - RƏSMİ

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir? - RƏSMİ
Sosial 719

“Yanvarın 18-dən başlayan vaksinasiya prosesi Azərbaycanın bütün regionlarında keçirilir”.

BAKU.WS xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, regionlar üzrə peyvənd olunan tibb işçiləri arasında özünü pis hiss edən və ya halı pisləşən olmayıb: “Bu barədə bizdə heç bir məlumat yoxdur”.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Bakı şəhəri üzrə tibb işçilərinin, eləcə də digər vətəndaşların peyvənd olunmasına və həmin şəxslərin vaksinasiyadan sonra səhhətlərinə Səhiyyə Nazirliyi nəzarət edir.

Lakin nazirlik məsələ ilə bağlı “Report”un sorğusunu cavablandırmayıb. Ona görə də Bakıda peyvənd olunan tibb işçilərinin durumu barədə məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini istifadə edilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na görə COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

- səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət);

- hüquq mühafizə orqanlarının əməkdaşları;

- hərbi qulluqçular;

- saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

- təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- yaşlı əhali ≥65;

- TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).

Son xəbərlər