Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur.

BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan "Facebook"da yayınlanan "Sosial saat" verilişində deyib. 

Onun sözlərinə görə, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır:

“Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra yaşla bağlı hər hansı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq, pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq".

O, qeyd edib ki, yaş həddinə çatan vətəndaşlar üçün staj və pensiya kapitalı şərtləri qoyulur. İlkin şərtlərdən biri 25 il staj və ya tələb edilən pensiya kapitalının olmasıdır. Pensiya kapitalının miqdarı bu gün 28 800 manat təşkil edir. "Amma 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixə kimi istənilən sayda kapitalın olması vətəndaşlara 25 il staj tanıdığı üçün artıq həmin 28 800 kapitalı yığmağa ehtiyac yaranmır". 

BAKU.WS