SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı nəqliyyatındakı problemlər bitib-tükənmir. Əksinə bir problemdən digəri yaranır. Nəzərə alsaq ki, yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb, ictimai nəqliyyatdakı vəziyyət daha da gərginləşəcək.

Nəqliyyatda sərnişinləri incidən məsələlərdən biri də gediş haqqı məsələsidir. Daha dəqiq desək, nağdsız ödəniş zamanı insanların “BakıKart”a pul yükləyə bilməməsidir. 

Çünki Bakının bir çox qəsəbə və kəndlərində avtobuslar kartla ödənişə keçsə də, dayanacaqlarda kartın balansını artırmaq üçün terminallar quraşdırılmayıb.

Bakının böyük qəsəbələrindən olan Biləcəridə bir dənə də olsun aparat yoxdur. Eyni zamanda Bakı Beynəlxalq Avtovağzalı ərazisində də “BakıKart”a pul yükləmək müşkül məsələyə çevrilib.

BAKU.WS-in "qaynar xətt"inə daxil olan çoxsaylı şikayətlərdə bildirilir ki, Biləcəri, Binəqədi, Bakıxanov və digər qəsəbələrdə sərnişinlər həmin problemdən əziyyət çəkirlər.

Vəziyyət təkcə qəsəbə və kəndlərdə deyil, eyni zamanda şəhərin mərkəzindəki küçələrində də acınacaqlıdır. Şikayətçilər deyirlər ki, Həsən Əliyev küçəsi istiqamətində dayanacaqların çoxunda pul yükləmək üçün aparat yoxdur. Olanlar da normal işləmir. Şikayətlərdən biri də Əhməd Rəcəbli küçəsindəndir.

Bildirilir ki, həmin ərazidə ofislər, universitet və digər strateji obyektlər var. Buna baxmayaraq ərazidə “BakıKart”a gediş haqqı yükləmək imkanı yoxdur.

Nəzərə alsaq ki, həmin ərazilərdə tıxac və insan sıxlığı yaşanır, karta pul yükləmək problemi də sərnişinlərə əlavə əziyyət verir. Beləliklə də, işləyən aparatların qarşısında insan sıxlığı yaranır.

Qeyd edək ki, “BakıKart” aparatları ilə yanaşı “MilliÖn” aparatlarında da balans artırmaq mümkündür. Lakin bir çox hallarda həmin aparatlar da normal işləmir və “BakıKart”a pul yükləmək olmur.

Problemlərlə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Mais Ağayevə suallarımızı verdik. Qurum rəsmisi əvvəlcə suallarımıza cavab verəcəyini desə də, sonradan məsələyə aydınlıq gətirmədi.

Əslində qurum rəsmisinin susmağı başadüşüləndir. Çünki Bakının ictimai nəqliyyatında o qədər böyük problemlər mövcuddur ki, onların yanında “BakıKart” məsələsi BNA-ya adi gəlir. Halbuki onların görməzliyindən gəldiyi məsələdən minlərlə insan əziyyət çəkir.

Ekspertlər də məsələdə birbaşa Bakı Nəqliyyat Agentliyinin yarıtmaz siyasətini səbəb kimi göstərirlər.

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov BAKU.WS-ə açıqlamasında bildirdi ki, problemin yaranmasında əsas səbəb cavabdeh qurumun işini düzgün qurmamasıdır.

“Bu problemin əsas səbəblərindən biri Nəqliyyat Nazirliyinin işinin müxtəlif qurumlar arasında bölüşdürülməsi oldu. Nəqliyyat sahəsi çoxşaxəli bir strukturdur. İndi bu sahələrin çoxu Bakı Nəqliyyat Agentliyinə verilib. Bu səbəbdən də, qurum çiyinlərinə qoyulan yükü qaldıra bilmir”, - deyə Məzahir Rüstəmov bildirib.

Ekspert onu da vurğulayıb ki, bu sahə üçün ayrılan büdcə kifayət qədər yetərlidir. Lakin ayrılan pulların hamısı düzgün xərclənmir.

Məsələ ilə bağlı yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov BAKU.WS-ə açıqlamasında bildirib ki, işin düzgün qurulmaması problemlərə yol açır:

“BNA-nın mövqeyi ondan ibarətdir ki, hər dayanacaqda terminal quraşdırılması kimi öhdəlik yoxdur. Amma mövcud terminalların nasaz vəziyyətdə olması əlavə problemlərə yol açmış olur. Vaxtı ilə keçirdiyimiz monitorinqlər zamanı aşkar edirdik ki, 2 terminal arasındakı məsafə ən azı 5-6 dayanacaqdır.

Bu, o deməkdir ki, insanlar ictimai nəqliyyatdan istifadə üçün kartın balansını artırmaqda problem yaşayırlar. Söhbət tək aparatın işləməməsindən getmir. Bəzi hallarda olur ki, aparat işləyir, amma məbləğ eyni ilə karta yüklənmir”, - deyə ekspert bildirib.

Azər Allahverənov hesab edir ki, xidmət keyfiyyətinin yüksək olması üçün nəqliyyat vasitələri ilə yanaşı digər komponentlərə də diqqət yetirmək lazımdır:

“Çox yaxşı olardı ki, Bakı ətrafında olan qəsəbələrdə və kəndlərdə 2-3 dayanacaqdan bir terminallar quraşdırılsın. Bunun üçün şəhərətrafı qəsəbələrdə ilk əvvəl monitorinqlər keçirmək və bütün boşluqları müəyyən etmək lazımdır.

Problemin miqyası müəyyənləşdirilməlidir. Hansı ərazilərdə bu problem varsa, bunun xəritələnməsi lazımdır. Məsələyə konseptual yanaşılmalıdır. Aidiyyətli strukturlar məsələyə ciddi şəkildə yanaşsalar, problem öz həllini tapa bilər”.

Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi suallarımıza susqun qalsa da, deyilən problemləri nəzərə alacaq. Heç olmasa problemin həllində ilk addımını atacaq.

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA