SİZİN REKLAM BURADA!
055 213 76 73


İnsanlar dənizlərin, ucsuz-bucaqsız göllərin üzərindən keçərək su, qaz, neft xətti aparır. Lakin bizim Azərsu ASC 3 metr enində olan su kanalını aşıb sakinləri içməli su ilə təmin etməkdə çətinlik çəkir. Bəli, düz eşitdiniz, 3 metrlik su kanalı!

Təsəvvür edin ki, uzun illərdən sonra yaşadığınız küçəyə içməli su xətti çəkilir. Amma sizə 7-8 metr qalmış çəkiliş dayanır. Problem Xəzər rayonu Binə Qəsəbəsinin Hüseyn Cavid küçəsində, köhnə adı ilə desək, Donuz kökəltmə sovxozunda yaşanır. Sakinlərin sözlərinə görə, problemə səbəb kimi ya ərazidə olan 3 metrlik su kanalı, ya da layihənin sırf bura qədər olduğu göstərilir.

Bu zaman isə belə bir sual çıxır ortaya: Əgər bir ərazinin su ilə təmin edilməsi üçün dövlət tərəfindən vəsait ayrılırsa, necə olur ki, bu, bir küçənin yarısını əhatə edir, geridə qalan yarısını isə yox?

Məsələ ilə bağlı Xəzər rayonunun Binə qəsəbəsi üzrə icra nümayəndəliyinə müraciət etdik. Lakin suallarımızı cavablandıran kimisə tapmadıq. Azərsu ASC-dən isə həmin ərazi üzrə nəzərdə tutulan layihənin su xətti çəkilən yerə qədər olduğu bildirilib.

Bu yerdə nəzərinizə çatdıraq ki, ölkə başçısı 2019-cu ilin dekabrında Xəzər rayonunda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi üçün 3 milyon manat vəsait ayırıb. Amma indi qalan yarımçıq işlərdən məlum olur ki, pul ayrılsa da bir çox işlər natamam olaraq qalır.

BAKU.WS
VİDEO