SİZİN REKLAM BURADA!
055 213 76 73



Bölgələrdə həkim çatışmazlığı illərdir öz aktuallığını itirmir. Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya, MRT müayinələri aparılır. Buna baxmayaraq regionlardakı əhalinin şəhərə axını azalmır. Rayonların kadrlar şöbəsi həkim çatışmazlığı ilə bağlı məşğulluq mərkəzinə, elm, kadr və təhsil şöbələrinə müraciət etmələrinə baxmayaraq, problem çözülmədən qalır.

Kənd xəstəxanalarında isə vəziyyət daha acınacaqlıdır. Kəndlərdə həkim olmadığından sakinlərin səhhətində problem yarananda rayon mərkəzinə və ya paytaxta üz tutmaq məcburiyyətində qalırlar. Bu əlavə xərcdir, aztəminatlı ailələr üçün isə mümkünsüzdür. Belə olan halda, xəstənin yaxşılaşması Allahın ümidinə qalır... Bəs həkimlərin üz döndərdiyi təbəqəni kim sağaldacaq?


BAKU.WS problemi gündəmdə saxlamaq üçün bir daha mövzuya qayıdıb.

Statistik rəqəmlərə görə, bu gün rayon xəstəxanalarında bir kabinetə gün ərzində 50-60 nəfər müraciət edir. İxtisaslı kadrların azlığı xəstəxanalara müraciət edən pasiyentlərə lazımi səviyyədə baxmaq imkanlarını məhdudlaşdırır və bir həkimin işini tam yerinə yetirməsinə çətinlik yaradır. Nəticədə, kadrların azlığı üzündən əhaliyə tam tibbi xidmət göstərilmir.

Çünki universiteti yeni bitirən mütəxxəsislər bölgələrdə işləmək istəmirlər. Bölgələrdən ATU-ya daxil olanlar həkim ixtisasına yiyələndikdən sonra geri dönmək istəmirlər. Regionlarda yüksək ixtisaslı həkimlərə ehtiyac olduğu halda hamı Bakıda qalıb işləmək istəyir. Ona görə də rezidenturada qəbul planını artırmaqla, regionda həkim çatışmazlığını aradan qaldırmaq olmayacaq. Bu problemin əsas səbəblərindən biridir. Bəs problemin digər səbəbləri nədir və çıxış yolu nədədir?


Gənc bir həkimin rayon yerində kifayət qədər sosial problemi olacaq

Tibbi ekspert Vaqif Qarayev gənc mütəxəssislərin rayon və kəndlər çalışmaq istəməməsinin səbəbini bölgələrdəki həyat tərzinin aşağı olması ilə əlaqələndirir:

“Rayonlarda həkim çatışmazlığı həmişə olub, amma indiki qədər yox. Əksər rayonlarda terapevtik profildən başqa cərrah, mama-ginekoloq da çatışmır. Praktik təbabətin ən bərk gedən sahələridir, buna baxmayaraq vakant yerlər var. ATU-nu bitirəndən sonra ixtisas seçimi üçün rezidentura kursu var. Həkimləri rayonlara cəlb etmək çətin məsələdir. Gənc bir həkimin rayon yerində kifayət qədər sosial problemi olacaq. Əgər gənc ailədirsə və ailədə kiçik yaşlı uşaq varsa, vəziyyət daha da qəlizləşir. Normal yaşayış yeri, uşaq bağçası, məktəb və s. problem olaraq qalacaq. Alacağı maaşa toxunmuram”.

                                Tibbi ekspert Vaqif Qarayev

Əmək haqlarında dəyişiklik olmazsa, vəziyyətin yaxşılaşması sual altında qalacaq

Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova açıqlamasında problemin həlli yönündə işlər görüldüyünü bildirdi: "Azərbaycanda həkim çatışmazlığı regionlarda əsasən müəyyən ixtisaslar üzrədir. Rezidentlərin təyinatı ilə bu məsələnin həllinə çalışılır. Nazirlər Kabineti tərəfindən kənd yerlərində işləyən gənc kadrlar, o cümlədən səhiyyə kadrlarına stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu tədbirləri daha da təkmilləşdirmək və həvəsləndirmə ilə bağlı təkliflərimiz olacaq".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova isə deyib ki, əgər əmək haqlarında bir dəyişiklik olmazsa, vəziyyətin yaxşılaşması sual altında qalacaq.

Bəhanə aradan qaldırılır. Rezidenturaya qəbul olmadan baza ali tibb təhsili ilə vakant həkim işləmək mümkündür

Ekspertlərin fikrincə, bölgələrdə kadr çatışmazlığının səbəblərindən biri də rezidentura təhsilinin 5 il olmasıdır. Bakıda kifayət qədər yüksək ixtisaslı həkimlər olsa da, indi heç kim, elə rezidenturanı bitirənlərin də çoxu təyinatla belə regionlara gedib işləmək istəmirlər. 

Səhiyyə Nazirliyi bölgələrdə işləmək istəməyənlərin bu bəhanəsini də aradan qaldırıb. Nazirlik bildirir ki, həkimlər baza ali tibb təhsili əsasında müəyyən vakant vəzifələri tuta bilərlər. Rezidenturaya qəbul olmayan həkimlər baza ali tibb təhsilinə müvafiq olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində müəyyən vakant həkim vəzifələrində işləyə bilərlər. Bunun üçün onlar Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər.

Nazirlik bölgələrdə kadr çatışmazlığı nəzərə alaraq, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin müəyyən hissəsinə məqsədli qəbul aparacaq. Məqsədli qəbul üzrə plan yerləri müvafiq ixtisas üzrə həkim çatışmazlığı olan konkret səhiyyə müəssisələrində işləyəcək həkim-mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulur.

Ümid edirik Azərbaycanın həmişəcavan problemi nə vaxtsa öz həllini tapacaq və həkimlərin üz döndərdiyi, Allahın ümidinə qalan rayon camaatı xəstələnəndə paytaxta üz tutmağa məcbur qalmayacaq...

Zülfiyyə Qurbanova
BAKU.WS