SİZİN REKLAM BURADA!
055 213 76 73



Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə daşınmaz əmlakın qeydiyyatı prosesinin asanlaşdırılması, vətəndaşlara bu sahədə daha rahat, çevik və şəffaf xidmətlərin göstərilməsi ilə bağlı tədbirləri davam etdirir.


BAKU.WS
-in Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı sahəsində mühüm yeniliklərdən biri də daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsinin onlayn həyata keçirilməsidir. Daşınmaz əmlakın təkrar qeydiyyatını maksimum dərəcədə sadələşdirən bu yenilik Komitə tərəfindən istifadəyə verilən "Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” sayəsində mümkün olub.

 

 

 

Bu xidmət notariuslarda bağlanılan alqı-satqı müqavilələrinin onlayn rejimdə birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) göndərilməsini təmin edir. Alqı-satqı müqavilələri notariusdan onlayn formada birbaşa DƏDRX-ya göndərildiyinə görə, vətəndaşların sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmır. İndi əmlakın yeni sahibi qeydiyyat idarəsinə cəmi bir dəfə - öz adına olan "çıxarışı” götürməyə gedir.

 

 

 

Bu, yalnız əmlakın alqı-satqısına deyil, vərəsəlik, bağışlanma və digər hallara da aiddir. Başqa sözlə, notariat kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa DƏDRX-nın ərazi idarəsinə göndərilir və əmlak avtomatik olaraq öz yeni sahibinin adına qeydiyyatdan keçir. Bu yenilik daşınmaz əmlakın qeydiyyatını əhəmiyyətli dərəcədə sadələşdirmiş, qeydiyyat prosedurlarının sayını minimuma endirərək  vaxt itkisi və əlavə müraciətləri aradan qaldırmışdır.

 

 

 


Daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı alqı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilə barədə məlumatlar onlayn rejimdə Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sisteminə (MQS) ötürülür. Sistemdə avtomatik şəkildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ərizənin nömrəsi və çıxarışın hazır olduğu tarix göstərilir. Bu barədə vətəndaşa elektron və kağız formada bildiriş verilir. Yeni xidmətdən istifadə zamanı dövlət rüsumu və xidmət haqqını da onlayn qaydada ödəmək mümkündür. Ümumiyyətlə, ödənişləri bank, "Elektron hökumət” portalı, ödəniş terminalları vasitəsilə aparmaq mümkündür. Alqı-satqı zamanı isə ərizəçi birbaşa notariat kontorunda quraşdırılmış onlayn ödəniş terminallarında ödənişlər edə bilir.

 

 

 


Gözlənilir ki, yeni onlayn xidmət təkrar daşınmaz əmlak bazarında aktivliyi artıracaq, alqı-satqı proseslərinin daha operativ həyata keçirilməsini təmin edəcək. Alqı-satqı əməliyyatlarının, demək olar ki, avtomatik baş verməsi və vaxt itkisinin aradan qalxması əmlak sahiblərini daha çevik qərar verməyə həvəsləndirəcək. Bundan əlavə, alqı-satqı müqavilələrinin avtomatik şəkildə qeydiyyat idarəsinə göndərilməsi əmlak bazarında çoxdan bəri mövcud olan başqa bir problemin həllinə də imkan yaradacaq. Belə ki, bəzi hallarda alqı-satqıdan sonra əmlakın yeni sahibi əmlakı öz adına rəsmiləşdirməyə tələsmirdi və nəticədə həmin əmlak faktiki olaraq dövriyyədən kənarda qalırdı, bu səbəbdən əməliyyatların aparılması, o cümlədən vərəsəliyə ötürülməsi çətinləşirdi. ƏMDK-nın yeni xidməti ilə qeydiyyatın avtomatik həyata keçirilməsi isə belə halların qarşısını almağa imkan yaradacaq.

 

  

BAKU.WS