SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda piyada keçidləri ilə bağlı növbəti xoşagəlməz görüntü qeydə alınıb. 

BAKU.WS-in məlumatına görə, bu dəfə də sərnişinlər yerüstü piyada keçidindən istifadə etmək əvəzinə magistral yolla getməyi üstün tuturlar 

Bu kimi görüntülər paytaxtın müxtəlif ərazilərində tez-tez qeydə alınır. Bəzən vətəndaşların yola çıxması qəza və ölüm hallarına da səbəb olur. 

Bəs, vətəndaşlar Bakıda bəzi piyada keçidlərindən nə üçün istifadə etmir? Problem liftin olmamasıdır? Yaşlı şəxslərin pilləkənlə çıxa bilməməsidir? 

Bu suallara cavab tapmaq üçün həm rəsmi quruma, həm də ekspertə müraciət etdik. 

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-ə bildirdi ki, küçə və yol infrastrukturunda hibridləşmə baş verir və buna görə yenidən transformasiya olmalıdır: "Şəhərin daxilində sürət azaldılıbsa, ona uyğun addımlar atılmalıdır. Yəni şəhərdən Zığ istiqamətinə daxil olan avtomobil bunu fiziki olaraq hiss etməlidir. Yol kəsişmələrində eyni səviyyəli işıqforla nizamlanan, piyada və təhlükəsizlik adacığı ilə təmin olunan həllərə ehtiyac var. Bu da daha rahat, fərqli hərəkət iştirakçıları üçün şərait yaratmış olar. 

Nəzərə almaq lazımdır ki, ölkəmizin 37 faizi az mobilli insanlardır. Hərəkəti daha həssas olan qrup üzvlərimizdir. Uşaqlar, qocalar, uşaqlı valideynlər və fiziki məhdudiyyəti olan şəxslər üçün daha rahat hərəkəti təmin edən keçidlər təmin olunmalı və şəhər daxilində yaxın məsafədə yerüstü, yeraltı keçid praktikasına son qoyulmalıdır. Bu, dünya şəhərlərində artıq müşahidə olunur. Təəssüflər olsun ki, Bakıda hələ də davam edir. 

Bu cür sürətli yolun fəsadı bu olacaq ki, piyadalar təhlükəli olsa da, özünə narahat yol axtaracaq. Lakin insanlar daha qısa yolla yanaşı, təhlükəsiz yolu keçməlidir. Bu gün insanlar yerüstü keçidlərdən istifadə etmirsə, səbəbləri araşdırılmalıdır. 

Fikrimcə, bu məsələdə səbəb keçidlərin daha rahat olmamasıdır. Burada vətəndaşların heç də hamısı qanunu pozmaq niyyətində deyillər. Yolun bir tərəfindən digər tərəfinə keçmənin səbəbi araşdırılmalıdır. Zığ şossesində yolun dənizə tərəf hissəsində bir poliklinika, xəstəxana, iki məktəb yerləşirsə, bura həssas qrup insanların daima hərəkət edəcəyi məkandır. Bu yolda səkilər təftiş olunmalı, baryersiz və qısa məsafədən keçidlər təşkil olunmalıdır. Bu zaman tamam fərqli mənzərə müşahidə olunacaq. İndiki halda magistrala dönən sürətli yolu müşahidə edirik. Sürət məhdudiyyəti qoyulsa da, problem həll olmayacaq". 

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli BAKU.WS-ə deyib ki, həmin videoda olan ərazidəki piyada keçidlərində eskalatorlar mövcuddur: "Onların hamısı işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi vətəndaşlar keçiddən istfadə etmir və birbaşa yola çıxırlar". 

Orxan Hüseyn
BAKU.WS
VİDEO