SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gündən sonra Azərbaycana payız fəsli daxil olur. Yarpaqların saralması, günəş işığının azalması havaların soyuması, yağış yağması, gündüzlərin qısalıb, gecələrin uzanması ilə təbiətdə dəyişikliklər baş verir.

Fəsil dəyişikliyi zamanı bir çox insan havaya uyğunlaşmaqda çətinliklə üzləşir. Bu fəsildə bir çox xəstəliklər üzə çıxır. Dəyişikliklər  bəzi insanlarda əhval-ruhiyyənin aşağı düşməsinə, tükənmişlik, yorğunluq, həvəsin azalması kimi hisslər formalaşdırır. Ümumilikdə depressiv vəziyyət yaranır.

Bəs bu dəyişikliklərdən özümüzü necə qorumalıyıq?

BAKU.WS-in məlumatına görə, Azərbycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin  Modern.az-a açıqlamasında payızın insanlarda müxtəlif dəyişikliklər, bəzi depressiya simptomları yaratdığını bildirib.

"Burada insanların özlərini bu ab-havadan çıxarmaları və psxioloji dəstək almaları olduqca önəmlidir. Mövsüm dəyişikliklərindən hər kəs təsirlənir. Mənfi təsirləri olur. Çünki hava dəyişir, istidən soyuğa keçir.

Orqanizmimiz bu prosesə uyğunlaşmağa çalışır. Paltarlarımızı dəyişdiririk. Saçımız tökülür. Bunlar hamısı insanlara təsir göstərir. Bir dönəm bitir, digərinə keçirik. Mövsüm dəyişmələri insanlarda depressiya, yorğunluq, emosional çöküş, tükənmişlik hissləri yaradır. 

Payızda insanların depressiyaya düşməyinin digər səbəbi havanın küləkli, yağışlı olmasıdır. Yağış insanlarda romantizm yaradır. İnsanları ağlamağa meyl etdirir. Bu da əslində payız fəslinin psixoloji təsiridir. Çünki hər yağış yağanda artıq insanlar emosional olaraq ab-havanı, romantizmi hiss edirlər. Bütövlükdə adaptasiya olmağa çalışırlar”.

Sosioloq Asif  Bayramov isə bu prosesin normal olduğunu, sosial əlaqələri zəif insanların bu dəyişiklilərdən daha çox təsirləndiyini bildirib.

“İnsanın xarakterini formalaşdıran yalnız onun ata, anası, böyüdüyü sosial mühit deyil həm də onun doğulub boya-başa çatdığı təbiətin bir sıra xüsusiyyətləridir. Bizim xaraketirimiz insan, bioloji varlıq olaraq təbiətlə sıx əlaqəlidir. Təbiətdən istəsək də qopa bilmərik. Təbiətin fəsilləri bizim ovqatımıza uyğun bir əhval formalaşdırması  qanunauyğun prosesdir.

Payız fəsli ənənəvi yanaşmamızda, etnoqrafik baxışlarımızda təbiətin ömrünün sona çatması kimi qəbul olunur. Ulu babalarımız belə  müşahidə  edirdilər ki, payızda təbiət tədricən ölür. Təbiətdə baş verən hadisələr, radiokativliyin səviyyəsinin dəyişməsi hamısı insanın psixoloji aləmində ona uyğun ovqat formalaşdırır.

Daha çox məyusluq halına yaxın ovqatdır. İnsan bir məsələdən məyus olanda hansı ovqata köklənirsə, payız fəsli insanı daha çox həmin ovqata çəkir. Payız fəslində insanların depressiyaya düşməsi, tənhalıq hissinin baş qaldırması , qismən məyusluğa meyl etmələri  kökündə, təbiətin faktorları dayanır.

Nə qədər ovqatını dəyişmək istəsən də, təbiətin yaratdığı bu durumdan çıxmaq çətindir. Xarakteri, sosial əlaqələləri zəif olan insanların depressiyaya düşmə ehtimalı artır”.

Sosioloq  belə haların qarşısın almaq üçün daha çox ünsiyyətdə olmaq lazım olduğunu deyib.

“Belə hallarda  daha  çox ünsiyyətdə, insanların arasında olmalısan. Doğrudur insanların arasında olmaq hər zaman  tənhalıqdan xilas olmaq demək deyil. Minlərlə insanın içində də özünü tənha hiss edə bilərsən. Amma iki nəfərlə bir yerdə oturub da özünü tənhalıqdan xilasa edə bilərsən. Bunun üçün  könül, qəlb dostları,  həqiqi sirdaşlar lazımdır ki, onların mühitində insan tədricən ovqatını düzəltsin”.

BAKU.WS