VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 25-də Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini təsdiq etməsi bu günə qədər yaranan bir sıra suallara cavab tapmaqla yanaşı yeni sualların da meydana çıxmasına səbəb oldu.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, paytaxtda və digər şəhərlərdə mobilliyin təmin edilməsi üçün parklanma qiymətlərinin təsdiq edilməsi vacib idi:

“Şəhərsalma və arxitektura qaydalarına görə, Bakı şəhərində bütün yaşayış və qeyri-yaşayış sahələrində parklanma yerləri olmalıdır. Bu həmçinin Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında da təsbit edilib. Belə ki, həmin proqramda da qeyd edilir ki, parklanma yerləri olmayan obyektlər müvafiq qurumlara müraciət etməli və parklanma yerlərinin olmasını təşkil etməlidirlər. Bir məsələni də əlavə edim ki, yaradılan parklanma yerləri həmin müəssisələrin ziyarətçilərinin sayına mütənasib olmalıdır.

Bakı kimi paytaxt və iri sənaye şəhərində parklanma yerlərinin olmaması bir çox problemlərə gətirib çıxarır. Bir neçə il əvvəl parkomatlar var idi. Həm üstü açıq, həm də üstü bağlı parklanma yerlərində avtomobili təxminən 30 dəqiqə park etmək üçün vətəndaşlar 50 qəpik ödəyirdilər. Əslində vətəndaşlarımız da bundan razı idilər. Bu layihə özü-özlüyündə çox rahat idi. Amma nədənsə sonrakı dövrdə həmin parkomatlar da yığışdırıldı və dövlətin balansında olan həmin parklanma yerləri yoxa çıxdı. Bu gün də dövlətin balansında olan bu parklanma yerlərinin ünvanları vətəndaşlar üçün açıq deyil. Halbuki bu məlumatlar hər bir şəhər sakini üçün əlçatan olmalı idi. Konkret siyahılar olmalıdır. Paytaxt sakinləri və qonaqlar bilməlidir ki, Bakının hansı rayonu ərazisində neçə parklanma yeri var?! Və onlar buna görə planlarını qurmalıdır".

E. Cəfərov vurğulayıb ki, parklanma şəhər mobilliyinin vacib elementlərindən biridir: "Əgər biz bu gün şəhər mobilliyi haqqında danışırıqsa ilk növbədə parklanma yerləri təşkil olunmalı, və onlar vətəndaşlar üçün əlçatan olmalıdır. Əslində paytaxtımızda tıxacların yaranmasının əsas səbəblərindən biri də belə parklanma yerlərinin olmamasıdır. Paradoksal bir situasiyadır ki, hətta iri alış-veriş mərkəzləri, bazarlar və hətta xəstəxanaların belə pasrklanma yerləri yoxdur. Mən hələ yaşayış yerlərini belə demirəm. Hündürmərtəbəli binaların isə parklanma yerləri çox azdır. Belə olan halda həmin binaların girişi və həyətlərində qanunsuz parklanma yerləri yaranır və nəticədə hansısa fövqəladə hal zamanı operativ nəqliyyat vasitələrinin həmin məhəlləyə daxil olmasını çətinləşdirir”.

Ekspert qanunsuz parklanmalara görə il ərzində 50 milyon manatdan çox vəsaitin dövlət büdcəsindən yayınmaqla kənar şəxslərin cibinə getdiyini də açıqlayıb:

“Bu gün park yerlərinin gözəgörünməz şəxslər tərəfindən zəbt edilərək qeyri-leqal çalışdırılması təbii ki, Azərbaycan iqtisadiyyatının inkişafına böyük ziyan vurur. Mənim hesablamalarıma görə, il ərzində parklanmadan minimum 50 milyon manat qazanc əldə edilir. Amma təəssüf ki, dövlət büdcəsinə deyil, ayrı-ayrı şəxslərin cibinə gedir. Halbuki yığılan vəsaiti nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq üçün müəyyən yerlərə xərcləmək olardı. Bu gün parklanma nəzarətçiləri qeyri-leqal çalışırlar. Baxmayaraq ki, onların çoxu aztəminatlı və yaşlı insanlardır, yaxın gələcəkdə çalışdıqlarının qarşılığı olaraq onların təqaüdü, sosial təminatı həyata keçirilməyəcək. Amma parklanma yerləri leqallaşdırılsa və dövlətin nəzarətində olsa parklanma nəzarətçiləri işdən qovulmaq əvəzinə leqal çalışacaqlar və sosial təminatları da həll ediləcək".

Onun fikrincə, bu problemi ölkədə həll etmək üçün ilk növbədə parklanma qiymətlərinin məbləği açıqlanmalı idi: "Bu məbləğ yüksək olmamalı, bütün vətəndaşlar üçün əlçatan olmalıdır. Həmçinin qeyd etdiyim kimi parklanma nəzarətçiləri leqal işə götürülməlidir. Parklanma prosesini həyata keçirən xüsusi müasir elektron cihazlar, avadanlıqlar gətirilməlidir. Həmçinin parklanma yerlərinin ünvanı şəffaf şəkildə müvafiq qurumun saytında yerləşdirilməlidir".

E. Cəfərov qeyd edib ki, Azərbaycanda indiyə qədər də parklanma ilə bağlı müəyyən qaydalar mövcud idi, lakin özəl parklanma yerləri dövlətin qanunlarını pozurdular: "Onlara da ciddi nəzarəti artırmaq lazımdır. Bilirsiniz ki, qanunvericiliyə görə, avtomobil park edilməsinin ilk 15 dəqiqəsi pulsuzdur. Amma bir sıra özəl parklanma yerlərində bu qanun pozularaq parklanma yerinə bir neçə dəqiqəlik daxil olanda belə minimum 1 manat ödəniş tələb edilir. Bu gün Bakıda Azərbaycan qanunvericiliyini və vətəndaşların hüquqlarını pozan bir neçə belə parklanma yerləri mövcuddur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarına görə, paytaxt Bakı, Sumqayıt və Gəncə şəhərlərində qiymətlər müəyyən edilib. Həftənin bazar günləri isə dövlətə məxsus parklanma yerlərində avtomobillərin park edilməsi ödənişsiz olacaq. Yeni qaydalar qərarın imzaladığı gündən 30 gün sonra yəni iyulun 25-də qüvvəyə minəcək.

BAKU.WS