SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu saatlarda Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilir.

İclasa Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sədrlik etdiyi bildirilir.

Naxçıvan MR Ali Məclisinin iclasına diqqət kəsilən media iclasın yekununda Vasif Talıbovun vəzifəsindən istefa verə biləcəyi iddialarını irəli sürüb.

Hələ ki bu iddaların nə qədər əsaslı olduğunu təxmin etmək çətindir.

Naxçıvan MR-in Konstitusiyasına görə, Ali Məclisin sədri muxtar respublikada ali vəzifəli şəxsidir.

Hazırda Ali Məclis 44 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçiliblər. Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Son seçkilərdə Naxçıvan parlamentinə 45 deputat seçilib - 42-si hakim Yeni Azərbaycan Partiyasının üzvü, 3-ü bitərəf. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin vəfat etməsilə əlaqədar deputatların sayı 1 nəfər azalıb.

Muxtar Respublikanın Ali Məclisinin VI çağırışı 9 fevral 2020-ci il tarixində keçirilmiş seçkilər əsasında formalaşıb.

Hazırda Ali Məclisdəki 44 deputatdan 41-i YAP-çı, 3 bitərəfdir.

Ali Məclisdə müxalifəti təmsil edən deputat yoxdur.

Ali Məclisin 44 deputatından 10-u qadın, 34-ü isə kişidir.

Ali Məclisin VI çağırışının ən yaşlı üzvü 1947-ci il təvəllüdlü Fərəc Fərəcov və Telman İbadov, ən gənc üzvü isə 1990-cı il təvəllüdlü Günel Vəliyevadır.

Yeri gəlmişkən, Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbov da Ali Məclisdə təmsil olunur. Deputat Talıbov həm də 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru idi. Bu yaxınlarda onu prorektor vəzifəsindən kənarlaşdırıblar.

Naxçıvan MR Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan MR Ali Məclisinin hər bir deputatı sədr seçilə bilər.

Bəs Naxçıvan MR Ali Məclisinin sədri hansı hallarda vəzifəsini itirə bilər?

BAKU.WS xəbər verir ki, modern.az saytı bununla bağlı Naxçıvan MR Konsititusiyasında təsbit olunmuş qaydaları təqdim edir.

Konstitusiyaya görə, sədr Naxçıvan MR Ali Məclisi tərəfindən geri çağırıla bilər.

MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalovdur. O, 2020-ci ildən bu vəzifədə çalışır.

Konstitusiyanın 31-ci maddəsinə əsasən Naxçıvan MR Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası qanunverici orqanın Daxili Nizamnaməsi ilə müəyyən edilir.

Qeyd edək ki, bir müddət əvvəl DTX Naxçıvanda əməliyyat keçirib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç yüksək vəzifəli şəxs - maliyyə naziri Əliyev Rafael, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər.

Təkcə üç nəfərin mənimsədiyi dövlət vəsaitinin həcmi yarım milyard manata yaxındır.

BAKU.WS