SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar paytaxt apteklərində bəzi dərman növlərini tapmaq müşkülə çevrilib. Müəyyən preparatlar var ki, onlar alıcılara ya məhdud sayda təklif olunur, ya da ümumiyyətlə satılmır. Tapılmayan dərmanlardan biri də ishal (qarın ağrısı) zamanı istifadə edilən ən məşhur dərman olan “Tetrasiklin”dir.

Bu barədə BAKU.WS-in “qaynar xətt”inə çoxsaylı şikayətlər daxil olub. Vətəndaşların sözlərinə görə, apteklərdə “Tetrasiklin” yoxa çıxıb.
Xoşagəlməz vəziyyətlə qarşılaşan sakinlər bildirirlər ki, son 2-3 aydır Bakının mərkəzi və ətraf ərazilərindəki apteklərdə “Tetrasiklin”i tapmaq çətin işə çevrilib.

BAKU.WS saytı olaraq problemi araşdırmaq üçün sözügedən ərazilərdə fəaliyyət göstərən bir neçə aptekdə olduq.
Məlum oldu ki, son 2-3 aydır depolardan apteklərə “Tetrasiklin” gətirilmir. Əczaçılardan səbəbini soruşduqda isə onlara bu haqda xüsusi məlumatın verilmədiyini bildiriblər.

Ekspertlər “Tetrasiklin”in satışının aradan qaldırılmasının səbəbini onun əvvəlki effektli təsirini itirməsi ilə əlaqələndirirlər.
Tibbi ekspert Rasif Bağırov BAKU.WS-ə açıqlaması zamanı sözügedən dərmanın müasir preparatlarla müqayisədə tərkibinin daha az təsirə malik olduğunu vurğulayıb:

“Tetrasiklin” köhnə preparatdır. Bu səbəbdən də orqanizmə mənfi təsirləri çoxdur. Qaraciyərə pis təsir edir. Bağırsağın özündə “Entropiya” (sistemin nizamsızlıq dərəcəsidir) yaradır. Yəni bağırsaqda xəstəlik olmadan da onun normal finksionallığını pozur. Ona görə çalışdığımız qədər köhnə preparatlardan uzaq dururuq. İndiki dövrdə elə dərmanlar var ki, onlarda “Tetrasiklin”in çatışmayan cəhətləri mövcuddur. Yəni qaraciyərə ziyanı, o cümlədən “Entropiya” kimi halların olmaması üçün müasir dövrdə istehsal edilən dərmanlardan istifadə edilir”.

Bəzi əczaçılar “Tetrasiklin” ala bilməyən sakinləri əliboş yola salsalar da, bir çox apteklərdə alıcılara onun yerinə alternativ dərmanlar təklif edilir.

Yaranan problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Rəsmi qurumun Analitik Ekspertiza Mərkəzinin Dərman və Tibb Vasitələrinin İdxal-İxrac şöbəsi problemi təkzib edərək sonuncu dəfə bu dərmanların ölkəyə oktyabrın 15-i gətirildiyini vurğulayıb.

“AEM-in (Analitik Ekspertiza Mərkəzi) İdxal-ixrac şöbəsində məlumat araşdırılıb. Şöbədən idxal bazasına əsasən verilən məlumata görə, sözügedən dərman vasitəsi ilə əlaqədar problem olmamalıdır. Belə ki, "Tetrasiklin" dərman vasitəsinin idxalına son müraciət 15.10.2022-ci il tarixində olub. Ümumilikdə isə 01.01.2022-19.10.2022-ci il ərzində Tetrasiklin tablet 490821 qutu, Tetrasiklin məlhəm 544388 qutu idxal edilib”, - deyə Səhiyyə Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib. 

Nazirliyin bizə verdiyi cavabdan sonra yenidən apteklərdə araşdırma apardıq. Əməkdaşlarımız paytaxtın müxtəlif ərazilərində (28 May metrosu, Mərkəzi Univermaq ətrafı ərazisi, Memar Əcəmi metrosu, Parlament prospekti, Nizami metrostansiyası ətrafı, Moskva prospekti, Binəqədi rayonu, Abşeron rayonu Masazır və Mehdiabad qəsəbələri) 20-dən çox aptekdə olublar. Araşdırmaların nəticəsi yenə də dəyişməz olaraq qaldı. Əməkdaşlarımızın müraciət etdikləri heç bir aptekdə “Tetrasiklin” preparatı satılmırdı. 

“Tetrasiklin”in ölkəmizə idxalında problem olmaması apteklərdə bu dərman çatışmazlığını aradan qaldırmır. Görünən isə odur ki, bu preparatı əldə etmək istəyənlər yenə də apteklərdən əliboş qayıdacaqlar, ya da ki “Tetrasiklin”dən baha qiymətə təklif edilən alternativ dərmanları almaq məcburiyyətində qalacaqlar.

Zöhrə Pənahi
BAKU.WS