SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Naftalan və Göygöldə yol polisi əməkdaşları ilə görüşlər keçirilib.

Yol polisi əməkdaşları vətəndaşlar tərəfindən şər-böhtan xarakterli şikayətlərin artmasından narazıdır. Onlar bu fikirləri "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin nümayəndələri ilə görüşdə bildiriblər. Təşkilat üzvləri ötən həftə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi" adlı layihə çərçivəsində Naftalan şəzəri və Göygöl rayonlarının yol polisi şöbələrinin əməkdaşları ilə görüşlər keçiriblər.
 
Şər iki rayonda baş tutan görüşlərdə yol polisi əməkdaşları onları maraqlandıran suallarla hüquqşünas Ərşad Hüseynova və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlıya müraciət ediblər. DYP əməkdaşlarının sualları ətraflı şəkildə cavablandırılıb. Ekspertlər yol hərəkəti haqqında və inzibati məsuliyyətlə bağlı qanunvericilikdəki yeniliklərlə bağlı DYP əməkdaşlarını məlumatlandırıb, sürücülərlə ünsiyyətə daha çox önəm verilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, son vaxtlar yol polisi əməkdaşlarından narazılıqların artmasını əks etdirən foto və videoların yayılması müsbət hal deyil. Belə halların baş verməməsi üçün DYP əməkdaşları qayda pozan sürücüləri saxlatdıqda ilk növbədə özünü təqdim etməli, törədilən qayda pozuntusunu aydın şəkildə izah etməli, sonra isə sənədləri tələb etməlidir. Tələbləri yerinə yetirməyən sürücülərə qarşı isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməlidir ki, gələcəkdə hansısa problemlər ortaya çıxmasın. 

Yol polisləri məlumatlandırmadan razılıqlarını bildirərək qeyd ediblər ki, vətəndaşlar tərəfindən onlara qarşı aqressiv münasibət var. Belə ki, bəzi sürücülər yol polisini şərləmək üçün hər yola əl atırlar: "Bəzi sürücülər var ki, maşını saxladan kimi başlayırlar şər-böhtan atmağa. İlk sözləri də bu olur ki, sənin başına oyun açacam. Bəzən qayda pozan avtomobili saxlatdıranda sürücü qalır kənarda, maşından düşən arvad-uşaq bizə hücum çəkir. Hay-küy salıb ətrafdakı insanları başlarına yığırlar ki, məsuliyyətdən yayınsınlar. Heç bir sürücü törətdiyi xətanı səmimi şəkildə etiraf etmək istəmir. Bəziləri yol polisinə qarşı düşmən kimi yanaşır, aqresiyya göstərir".
Yol polisləri onu da bildiriblər ki, bəzi sürücülər mobil telefonla danışarkən və ya təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlanılarkən hər vasitəyə əl ataraq məsuliyyətdən yayınmağa çalışırlar: "Yanımızda kəməri taxıb and-aman edir ki, taxmışdım, Telefonla danışır, and içir ki, danışmırdım, sübut elə, yoxsa şikayət edəcəm".

Bəzi sürücülərin bilərəkdən qayda pozması və yol polislərinə qarşı kobudluq etməsi də narahatlıq doğuran məqamlardandır. 
Qeyd edək ki, layihə çərçivəsində yol polisləri görüşlər davam etdiriləcək.
 
BAKU.WS