SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İmişli rayonu Muradxanlı kənd sakini Sevda İskəndər qızı İmanova Ölkə.Az-ın redaksiyasına müraciət edərək rayon rəhbərliyi və başlarına gətirilənlər barədə ilginc faktlar açıqlayıb

S.İmanovanın sözlərinə görə, qardaşı Zöhrəli İmanov 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Atası İmanov İsgəndər Fəttah oğlunun hazırda 89 yaşı var. Rayonun Qışlaq adlanan ərazisində iki qızıyla birlikdə yaşayır:

"İki bacımız ailə qurub gedib. Yay hələ girməyib, bacımı üç dəfə əqrəb çalıb. Səhhətində ciddi problemlər var, mənim belim, onurğam xəstədir. İndiyə kimi dövlətdən şəhid ailəsi olduğumuza görə heç bir təmənnamız olmayıb və indi də yoxdur. Yaşadığımız yerdə işığımız, qazımız, suyumuz yoxdur. Suyu bir kilometr məsafədən 1951-ci ildə qazılmış arteziandan ulaqla, yaxud əlimizdə gətiririk. 1994-cü ildən indiyə kimi atam İmişli rayonunun heç bir icra başçısının qəbuluna düşə bilmir. Atamın 89 yaşı var, səhhəti getdikcə ağırlaşır. İşıqsız, susuz çox çətindir.
 

 

Dəfələrlə hazırki icra başçısı Vilyam Hacıyevə müraciət etmişik, amma xeyri yoxdur. Axırıncı dəfə icra nümayəndəsiylə mart ayında qəbuluna getdim. Dedi ki, gələrsiniz, qəbul edəcəm. Hələ də onun qəbuluna düşə bilməmişik. İmişli rayon İcra Hakimiyyətində bizi dinləyən, bacardığı qədər nəsə etmək istəyən hüquq şöbəsinin müdiri Rahib Zahidovdur. Bizə dedi ki, borunu özünüz alın, bura su çəkdirək, biz də bir kilometr boru aldıq. 2006-cı ildə İmişli torpaq şöbəsinin müdiri olan Vüqar adlı şəxsə min dollar və bir neçə baş heyvan verib yataq yeri almışdıq. Halbuki o yerə görə pul verməməliydik. Sonradan Məmmədov Mejidin adlı şəxs hazırda həmin yataq yerimizi əlimizdən alıb rayonun mərkəzində yaşayan qardaşı Nəcəfə verib. Nəcəf Məmmədov rayonda Qədir adıyla daha çox tanınır, nüfuzlu adamdır, icra başçısı az qalır onun qabağına qaça ki, nə yaxşı gəlmisən. İndi aldığımz həmin borular da çürüyüb.

Demirik ki, bizə yüksək şərait yaradın. Laçın qışlaqlarıyla 800 metr məsafəmiz var. Heç olmasa, oradan işıq çəkmək olar. Təsəvvür edin ki, atam neçə illərdir işıq üzünə həsrətdir. O gün xəstəxanaya aparmışam. Dedi ki gözümə işıq düşür. İşıq görmədiyindən gözləri qamaşdı. Ailəmiz kimsəsizdir, elə bir ard-arxamız yoxdur. Dörd bacıyıq, bir də atamız var, qardaşımız şəhid olub. Bəlkə də sağ olsaydı, indi bizim ora-bura qaçmağımıza ehtiyac olmazdı".

S.İmanova bu haqda mətbuatda yazılandan sonra rayon rəhbərliyinin "qara siyahı"sına düşməkdən də ehtiyat edir:

"İndiyə kimi bu haqda heç yerdə yazılmayıb. Birdən rayon rəhbərliyinin "qara siyahı"sına düşmərik ki?

Biz heç nə istəmirik. Əgər su və işığa hüququmüz varsa, onu istəyirik. Bir də torpağımızı qaytarıb versinlər".
 

 

Sonda Sevda İmanova atasının ölkə rəhbərliyinə olan qısa müraciətini də diqqətə çatdırdı:

"Ölkə prezidenti cənab İlham Əliyevdən və mərhəmətli xanım Mehriban Əliyevadan bir xahişim var. Başa düşürəm ki, işləri çoxdur. Amma bir dəqiqəlik məni dinləsinlər, şəhid atasının başına gətirilən müsibətləri onlara danışım, sonra oğluma qovuşum".

Sonda şəhid atası İskəndər İmanovun yaşadığı "evin" fotolarını təqdim edirik. Hər halda İmişli rayonunun rəhbərliyi, xüsusən Vilyam Hacıyev istəsə, şəhid ailəsini ölümdən xilas edə bilər.

BAKU.WS