SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda zibil qutuları və zibillərin vaxtında daşınmaması ilə bağlı problem daha bir qəsəbədə müşahidə olunur.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə şikayət daxil olub.

Şikayətçi qeyd edib ki, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə zibillərin qutulardan aşıb-daşması və ətrafa yayılması böyük narahatlıq yaradır. 160 nömrəli avtobusun son dayanacağında zibillərin ətrafa yayılması dözülməz qoxunun yaranmasına səbəb olur.

Şikayətçinin iddiasına əsasən, Binədə 6-7 ədəd zibil qutusu olduğu üçün qəsəbə ətrafında oxşar problem bir neçə yerdə mövcuddur.

Məsələyə münasibət öyrənmək məqsədilə Binə qəsəbəsi Bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədrinin müavini Elnur Zahidov BAKU.WS-ə bildirib ki, Binədə cəmi 6-7 yerdə zibil qutusunun olması iddiası əsassızdır:

"Qəsəbə ətrafında kifayət qədər zibil qutuları var. Sadəcə zibil qutuları yol kənarına qoyulmur. Qəsəbə ərazisində zibillərin daşınması üçün hər bir məhəlləyə maşınlar ayrılıb. Vətəndaşlarla əldə olunmuş razılıq əsasında zibillər hər gün daşınır. İki-üç gündən bir zibillər vətəndaşların evlərinin qarşısından götürülür.

O ki qaldı 160 nömrəli avtobus dayanacağındakı məsələyə, onu deyə bilərəm ki, həmin ərazidə zibillərin daşınmasını həyata keçirən yük maşınında problem yaranmışdı. Zibillər hər gün yığılır. Sadəcə maşının mühərrikində yaranan problem iki gün zibillərin qalması ilə nəticələnmişdi. Dünən artıq həmin ərazidən zibillər daşınıb. Bu gün də həmin ərazidə təmizlik işləri görüləcək".

Orxan Hüseyn
BAKU.WS
VİDEO