SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Aprel döyüşlərində Ermənistan silahlı birləşmələrinin aprel ayında cəbhədə törətdiyi təxribatlar nəticəsində dağılmış evlərin bərpasına başlanılıb. Ən çox zərər çəkmiş ərazilərdən biri də Goranboyun təmas xəttinə yaxın yerləşmiş Tapqaraqoyunlu kəndidir ki, burada mərmi nəticəsində 237 evə ziyan dəyib. Həmin evlər hazırda 3 kateqoriya olmaqla bölünür. 

Bu üç kateqoriyadan birincisinə aid olan evlər Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin xətti ilə yenidən tikilir, ikinci kateqoriyadan 5 ev artıq bərpa olunub, digərləri də bərpa olunmaq üzrədir. Üçüncü kateqoriyaya aid olan evlər qismən zərər gördüyündən adıçəkilən qurum tərəfindən həmin evlərin sakinlərinə lazımı inşaat materialları verilib. 

Agentlikdən verilən məlumata görə, bir aydan sonra Tapqaraqoyunlu kəndindəki bütün evlərin bərpa işləri tamamilə yekunlaşacaq. 

Bundan başqa, Ağcabədi rayonunda da dağıdılmış evlərin bərpası davam etdirilir. Ağdam və Tərtər rayonlarında isə zərər görmüş evlərlə icra strukturları məşğul olur ki, onların də bərpasına tezliklə başlanacağı deyilir. 


Ermənilərin aprel ayının son günlərində cəbhəboyu ərazilərdə atəşkəsi pozması nəticəsində təkcə Ağdam rayonunda zərər dəyən evlərin ümumi sayı 76 olub. 

Ağdam Rayon Fövqəladə Hallar Komissiyasının rəis müavini Mansur Quliyevin verdiyi məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, həmin evlərdən 14-ü tam yarasız vəziyyətə düşüb, 1 ev yanıb, həmçinin 2 mağaza da dağılıb. 

İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə müdir müavini Elvin Umudov bildirib ki, bundan başqa şəhər 6 saylı məktəbi və Hacıqərvənd kənd orta məktəbi də yararsız hala düşüb.
 
BAKU.WS