SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda ötən ilin martından etibarən tətbiq olunan karantinin sərtləşdirilməsi nəticəsində müxtəlif ticarət və xidmət sahələri ilə bağlı metodik göstərişlər hazırlanmışdı.

BAKU.WS xəbər verir ki, metodik göstərişlərin hazırlanması ölkədə koronavirusun yeni yayılan vaxtına təsadüf etmişdi.

Bu metodik göstərişlər qapanmadan sonra fəaliyyətini bərpa edən sahələrin infeksiyanın yayılmaması üçün atacağı vacib addımları özündə ehtiva edirdi.

Bu gün ölkədə iri ticarət mərkəzləri və "mall"lar istisna olmaqla, əksər ticarət və ictimai iaşə obyektləri fəaliyyətini davam etdirir. Təbii ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün istər məsafə saxlamaq, istər dezinfeksiya vasitələrindən istifadə ilə bağlı göstərişlər icra olunmaqdadır.

Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın hazırladığı metodik göstərişlərdə bəzi qaydalar həm geyim mağazasının sahibləri, həm də adi vətəndaşlarda çaş-başlıq yaradıb. Məsələ orasındadır ki, hazırlanan metodik göstərişlərdə qeyd olunur ki, mağazalarda geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağandır.

Bu qayda Bakının bəzi geyim mağazalarında icra olunur. Alıcılar bəyəndikləri hər hansı geyimi mağazada "primerka" etməkdən məhrumdurlar. Çünki həmin mağazaların dəyişmə otaqları pandemiyaya görə fəaliyyət göstərmir.

Bu halı dəqiqləşdirmək məqsədilə BAKU.WS-in əməkdaşları "Zara" və "Bershka" kimi mağazalarda olublar və həqiqətən dəyişmə otaqlarının işləməməsinin şahidi olublar. Bu vəziyyət maraqlı bir dilemmanı ortaya qoyub. Mağazalarda dəyişmə otağının fəaliyyət göstərməsi qanunidir, yoxsa qanun pozuntusudur? Əgər bu, qanunla tənzimlənirsə və dəyişmə otağının fəaliyyət göstərməsi şərtdirsə, bəs şəhərdəki digər yüzlərlə mağzalarda dəyişmə otağı necə fəaliyyət göstərir? Yox əgər bu, qanuni deyilsə, onda adı çəkilən mağazalar nə üçün alıcılarını dəyişmə otağından məhrum ediblər?

Yaranan suallara cavab tapmaq məqsədilə Operativ Qərargahın da daxil olduğu bir neçə dövlət qurumu ilə əlaqə saxlasaq da, istəklərimiz ürəyimizdə qaldı. Mövcud vəziyyət bizə onu deməyə əsas verir ki, dəyişmə otağının işləməsi və ya əksi ilə bağlı qeyri-müəyyənlik hökm sürür.

Orxan Hüseyn
Oksana Yusifova
FOTO: Təranə İbrahimova

BAKU.WS