SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakı şəhərinin hündür ərazilərində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

BAKU.WS xəbər verir ki, bunu “report”a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, hadisələr araşdırılarkən yol və meteoroloji şəraitin sürücülər tərəfindən düzgün nəzərə alınmaması səbəbindən baş verdiyi məlum olub:

“Ona görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşların, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqəli hər bir avtomobil sürücüsü mümkün qədər diqqətli olmalıdır. Həmin şəxslər nəqliyyat vasitəsini yol və meteoroloji şəraiti nəzərə almaqla elə idarə etməlidir ki, yol-nəqliyyat hadisəsi baş verməsin. Yəni yollarda sürüşmə ehtimalını nəzərə alıb, sürət həddini minimuma endirməlidir, ara məsafəsini normadan artıq saxlamalı, eyni zamanda, avtomobilin hərəkətə gətirilməsi və dayandırılması sürətlər qutusunun hesabına alınmalıdır. Unutmaq olmaz ki, hava şərəaitinə uyğun olaraq, təkərlər və onların protektorları normaya uyğun olmalıdır. İşıq cihazları və eyni zamanda digər parametrlər tələblərə uyğun olmalıdır ki, nəqliyyat vasitəsini idarə edən sürücü yol-nəqliyyat hadisəsi törətməsin.

Ona görə də sürücülərdən xahiş və onlara tövsiyə edirik ki, hava şəraitinin dəyişməsi ilə əlaqadar diqqətli olsunlar. Yol boyu qoyulmuş yol nişanlarının tələblərinə diqqət yetirib o nişanlara uyğun hərəkət etsinlər. Bir daha bildiririk ki, asfalt səthi üzərində şaxtanın hesabına buz qatı əmələ gəlir və bu da sürücüləri çaşdıra bilər. Xüsusi ilə enişli-yoxuşlu yollar, hündür ərazilər, Yasamal, Günəşli kimi tanınan ərazilərdə sübh vaxtları yollarda buzlaşma buz qatı yaradır. Bu da istər-istəməz bu ərazilərdən istifadə edən sürücülərin yol və meteoroloji şəraitləri nəzərə almama səbəbi ilə yol qəza hadisəsi törətməsi ilə nəticələnir.

Ona görə sürücülər hava şəraitindən aslı olaraq, yəni yol və meteoroloji şəraiti nəzərə alaraq elə hərəkət etməlidirlər ki, hadisə baş verməsin. Unutmaq olmaz ki, belə hava şəraitində qeydə alınan yol-nəqliyyat hadisələri ilə də bağlı konkret qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Yəni bəzi sürücülərin "yollarda buz qatı var" deyərək məsuliyyətdən yayınmaq istəyi də elə “Yol Hərəkəti Haqqında” qanunun tələbinin pozulmasıdır. “Yol buzdur, mən sürüşdüm, başqa bir nəqliyyat vasitəsinə dəydim” demək, düşünmək düzgün deyil”.

Eyni zamanda sürücülər belə hava şəraitində, yəni sürüşmə ehtimalı olan ərazilərdə bunu nəzərə alıb, heç olmasa avtomobilin normal hərəkət etməsi üçün təkərlərdə olan təzyiqi nisbətən aşağı salmalıdır. Çünki təkərlə asfalt üzərində ilişmə səthi geniş olduqda avtomobilin sürüşmə ehtimalı azalır”, - V.Əsədov bildirib.

BAKU.WS