“Eurovision-2016”nın növbəti finalçıları bəlli oldu
Mayın 12-də İsveçin paytaxtı Stokholmdakı "Qlobe” Arenada "Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinal konserti keçirilib.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, "Eurovision-2016” şousunun aparıcıları Petra Mede və ötən il müsabiqədə qalib olmuş isveçli Mans Zelmerlov bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, xüsusi performansla iştirakçı ölkənin hər birinin adını səsləndirib, iştirakçılara uğurlar arzulayıblar. Sonra müsabiqənin təşkilatçıları tamaşaçılar üçün möhtəşəm şou nümayiş etdiriblər.
On səkkiz ölkənin iştirakı ilə keçirilən ikinci yarımfinalda səhnəyə ilk olaraq Latviyanı təmsilçisi Jasts Sirmais çıxıb. Ölkəsini "Heartbeat” mahnısı ilə təmsil edən müğənninin ifası mövzuya uyğun parlaqlıqla nümayiş etdirilib.
Sonra Polşanın gənc, istedadlı müğənnisi Maykl Szpak, İsveçrədən Kristina Mariya Rikka, İsraildən Hovi Star, Belarusdan Aleksandr İvanov, Serbiyadan Zaa Sanya Vucic, İrlandiyadan Nayk Barni, Makedoniyadan Kaliopi, Litvadan Donni Montel, Avstraliyadan Dami İm, Sloveniyadan Manuela, Bolqarıstandan Poli Genova, Danimarkadan "Lighthouse” qrupu, Ukraynadan Jamala, Norveçdən Aqnete, Gürcüstandan Nika Koçarov və "Lolitaz” qrupu öz ifalarını təqdim ediblər.
Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou təqdim olunub. Konsertdə diqqəti cəlb edən maraqlı məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən ölkələrin görüntülərində təmsilçilərin iştirakı olub. Müsabiqədə tətbiq olunan yeni qaydalara əsasən böyük beşlik ölkələrindən olan Böyük Britaniya, Almaniya və İtaliya təmsilçiləri zalda canlı iştirak ediblər, ifalarının isə videoçarxı tamaşaçılara nümayiş etdirilib.
Yarımfinal mərhələsində iştirak edən 18 ölkə təmsilçilərinin çıxışlarından sonra 15 dəqiqə ərzində iştirakçılara səs göndərmək mümkün olub. Sonra səsvermənin nəticələri elan edilib. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb. İkinci yarımfinaldan finala vəsiqə qazanan ölkələrin sıra ardıcıllığı belədir: Latviya (1), Gürcüstan (2), Bolqarıstan (3), Avstraliya (4), Ukrayna (5), Serbiya (6), Polşa (7), İsrail (8), Litva (9) və Belçika (10).
Canlı şoudan dərhal sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçiriblər. Finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri jurnalistlərin suallarını cavablandırıblar.
Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 14-də Avropanın "Bir araya gələk” devizi altında təqdim olunacaq 61-ci "Eurovision” mahnı müsabiqəsinin finalında çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilib.
Müsabiqənin ikinci yarımfinalı dünyanın 50-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Milyonlarla televiziya tamaşaçısı isə bu möhtəşəm şounu izləmək şansı əldə edib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan "Eurovision 2016"-nın finalında birinci hissədə çıxış edəcək (VİDEO)
Mayın 11-də "Qlobe” Arenada "Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalından sonra finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri mətbuat konfransı...