Müğənni Səidə Sultan jurnalist Sara Safuranı polislə, məhkəmə ilə hədələyib.

Sara xanım 
BAKU.WS-ə açıqlamasında dünəndən bəri Səidə xanım tərəfindən təzyiqlərə məruz qaldığını bildirdi:

"Çoxsayda zəng vurub qışqırır, mesajlar yazır, hədə-qorxu gəlir. Təngə gəldim, zənginə cavab vermədim. Sonra whatsappla yığmağa başladı. Daha sonra başqa-başqa nömrələrdən yığıb məni hədələyir. Məni polisə, məhkəməyə verəcək. Deyir ki, guya mən onun şərəf və ləyaqətini alçaltmışam, təhqir etmişəm. Açığı, onu başa salmağa çalışsam da, dinləmək istəmədi.

Düzdür, mən o videoda bir neçə dəfə Səidə xanıma xitab edirəm. Bu da səbəbsiz deyil. Axı Səidə xanım dəfələrlə efirlərdə sənətçilərin şəxsi həyatına müdaxilə edilməsinə etiraz edib. Mən onun etirazına ümumi cavab vermişəm.

Mən o sözləri Səidə Sultana xitabən söyləsəm də, fikirlərim sırf ona aid deyil. Sənətini dünyalar qədər sevdiyim Alim Qasımov da efirdən desəydi ki, mənim şəxsi işimə qarışmayın və onun da xoşagəlməz hərəkəti olsaydı, bu cavabı verərdim: Elə edin ki, səhv etməyəsiz, biz də məcbur qalıb müdaxilə etməyək. 

Xətrini dünyalar qədər istədiyim Elza Seyidcahan da desəydi ki. bizim heç bir şəxsi işimizə kimsə qarışmasın, ona da bu cavabı verəcəkdim. 

Demək istəyirəm ki, mən o sözü şəxsən Səidə Sultana deməmişəm, ümumi fikir bildirmişəm. Mən o video-müraciətdə Səidəyə deməmişəm ki, filankəslə eşq münasibətin var, gəzirsən, filankəsin evini dağıtmısan.

Ümumi şou-biznes əhlindən danışmışam və şou-biznesin bəzi qadın müğənnilərinə müraciətimdir. Bizim şəxsi işimizə qarışmayın deməyin. Hamı sizi görür və hər yerdə onların əməllərindən danışırlar. Kimsə onlara cavab verməlidir və bunu mən etdim".

Səidə Sultan jurnalistin sözügedən video-müraciətinin ona aid olmadığını təsdiqlədi:

"Mediada adıma heç bir həqiqətə uyğun olmayan xəbər yayımlandı. Mən üstümə atılan şəri, böhtanı araşdırmalı idim. Araşdırdım və nəticə məni qane etdi. O sözlər mənə xitabən söylənsə də, mənim ünvanıma deyildi. Jurnalist dediyin düzünü yazandır, faktlarla danışan kəsdir. Sübut göstərənə boynum qıldan incədir!"

Zülfiyyə Qurbanova
BAKU.WS