SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS-in budəfəki müsahibə hazırda Türkiyədə sənətini davam etdirən azərbaycanlı model İgo Guseinov-dur.

-Özünüz haqqında qısa məlumat verin.

-Adım İqaməddindir, amma model sahəsində İgo kimi tanınıram. Uşaqlıqdan məni İgo çağırırlar deyə, elə də saxladım. 1996-cı ilin 18 sentyabr tarixində anadan olmuşam. Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbi bitirmişəm. Universitetə qəbul imtahanından kəsildim, daha sonra şəxsi biznesimi qurdum. Telefon mağazam və kiçik kafem var idi. Biznesi çox sevirəm. Həm də baykerəm, 3 il boksla məşğul olmuşam.

Rüstəm Cəbrayılov və İgo Guseinov

-Model olmaq qərarına necə gəldiniz? 

-"Best Model of the World 2007"un qalibi model Rüstəm Cəbrayılov mənim dostumdur. Bir dəfə Rüstəmə çəkilişə motosiklet lazım olur. Həmin dövrdə də mənim motosikletim var idi. Məndən motosikletimi çəkilişə gətirməyimi xahiş etdi, mən də “yox” demədim. Çəkilişdə Rüstəm mənə də modelliyə başlamağımı tövsiyyə etdi. 1 il Azərbaycanda model kimi fəaliyyət göstərdim.

-2017-ci ildə Parisdə keçirilən "Best Model of the World”da Rusiyanı təmsil etməyiniz haqqında saysız-hesabsız xəbərlər yazıldı…

-Mən Azərbaycandan qatılmaq istəyirdim, amma həmin vaxt artıq təmsilçimiz təsdiqlənmişdi. Bu vaxt Rusiyada yaşayan bir dostum dedi ki, Rusiyanı dünyada təmsil edəcək model lazımdır, çünki ölkə neçə il müsabiqəyə qatılsa da, uğurlu nəticə əldə edə bilmir. Mən də razılaşdım, yarışmaya qatıldım və “Best Physıcs” mükafatını qazandım.

Parisdə keçirilən "Best Model of the World-2017”in mükafatlandırılma mərasimindən

Türkiyədən təklif gələndən sonra oraya getdim. Düşündüm ki, ora mənə daha uyğun olar. Artıq 1 ilə yaxındır ki, türklərlə əməkdaşlıq edirəm. Bir çox məşhur brendlərin reklam çarxlarında çəkilmişəm. Türkiyədə həm model agentliyi ilə, həm də menecerlə çalışıram. Onlar məni şirkətlərə təqdim edirlər, razılıq əldə olunanda isə çəkilişlərə başlayırıq.

2017-ci ildə növbəti uğurum hər il Türkiyədə keçirilən Beynəlxalq Antalya Film Festivalına qatılmağım idi. Gecəyə dəvət olunan Hollivud ulduzları ilə bərabər orada iştirak edən tək azərbaycanlı sənət nümayəndəsi mən idim.  


- Bir müddət əvvəl isə “Bozun 50 çaları” filminin tanınmış qəhrəmanı ilə bir reklama çəkilməyiniz gündəmi zəbt etmişdi…

- O çarxda arxa planda 400-ə yaxın aktyor, model çəkilmişdi. Mən isə ön planda olan 10 modeldən biri oldum. Bu, mənim üçün böyük uğur idi. “Hugo boss”un reklam çarxından sonra məşhur “Royal Tag” şirkətindən təklif aldım.

Bu yaxınlarda isə Türkiyədə “Best model of Turkey 2018” müsabiqəsi keçirilirdi. Orada mən münsif kürsüsündə əyləşmişdim. Bu, mənim üçün böyük uğurdur. İnşallah qismət olsa “Best Model of The World”da da münsif olacağam. 


-Azərbaycanda model sənəti niyə az inkişaf edib?

-İnkişafın ləngiməsi yerli tekstilin olmaması ilə əlaqəlidir. Həm də Azərbaycanda şirkətlər məhsullarını reklam etmək üçün daha asan yol seçiblər. Onlar düşünürlər ki, “Google”dan istənilən əcnəbi modelin şəklini götürüb istifadə etmək olarsa, niyə bir də yerli modellərə pul ayırsınlar. Bu, belə olmalı deyil. Əgər sənin brendin varsa, öz modelindən də istifadə et. Bir də əvvəllər model sənətinə çox pis yanaşırdılar, indi o qədər də yox. Təəssüflər olsun ki, Azərbaycanda modelliyə peşə kimi baxmırlar.


Azərbaycanda model kimi fəaliyyət göstərib böyük uğurlar, pul əldə etmək olmur. Burada modelə verilən pulla o heç vaxt dolana bilməz. Burada bir çəkilişə 50 manat təklif edirlər. Nəzərə alın ki, hər gün iş olmur. Türkiyədə isə belə deyil. Orada hər gün çəkiliş olur. Hərdən o qədər yoruluram ki, çəkilişlərdən imtina edirəm. Biz orada xüsusi cədvəllə işləyirik. Həftə ərzində hansı məkanda kastinqə qatılmalıyıq, harada çəkilişdə olmalıyıq və s. Türkiyədə modellərə hörmətlə yanaşırlar, yeməyinə, istirahətinə xüsusi diqqət yetirirlər.

Digər çətinlik isə model agentliklərinin çəkilişə qatılan modellərin pullarını mənimsəmələridir. Dünyanın ən məşhur agentlikləri qazancın 60 faizini modelə, 40 faizini özünə saxlayır. Burada isə 80 faiz agentliyə, 20 faiz modelə qalır. Bu, haqsızlıqdır.


-Bəzi oğlanlar, qızlar da modelliyi çox əlçatan ediblər…

-Düzdür, elələri var ki, 3-4 şəkil çəkdirib özlərinə “model” deyirlər. Əgər ölkədən kənarda model kimi çalışacaqsansa bu sənətin çətinliyini görəcəksən. Model daim kamera önündə olduğu üçün görünüşünə, qidalanmağına, yuxusuna diqqət yetirməlidir. Bunların hamısı çox çətindir. Kənardan asan görünə bilər.

-Model İgo Guseinovun 1 günü necə keçir?

-Səhər 8-9 arası oyanıram, yeməyimi yeyirəm. Daha sonra məşqə gedirəm. Məşqdən sonra istirahət edirəm, daha sonra isə çəkilişə gedirəm. 23:00-01:00 arası yatıram. Gec yatanda insanın üzündə qırışlar, gözaltı şişlər əmələ gəlir.

-Film və seriala çəkilmək üçün təkliflər alırsınız?

-Bir filmdən və bir serialdan təklif almışdım, amma hələ özümü hazır bilmədiyim üçün razılıq vermədim. Bir şeyi bacarmıramsa, çəkilib özümü biabır etmərəm. Nə vaxt özümü yaxşı aktyor hesab edəcəyəmsə, çəkiləcəyəm.


-Qızlar üçün adətən deyirlər ki, “Hər gözəlin bir eybi var”, bəs sizin kimi yaraşıqlı oğlanın hansı eybi var?

-Sürətli danışmağım və adları çətinliklə yadda saxlamağım. Hazırda danışığım üzərində çalışıram. 

- Xanımlar niyə yaraşıqlı biri ilə sevgili olmaqdan çəkinirlər?

- Ən böyük problem budur. Qızlar düşünürlər ki, yaraşıqlı oğlanların ətrafında həmişə xanımlar çox olur. Fikirləşirlər ki, mən olmasam başqasına yazacaq, onsuz da ona yazan çoxdur. Yaraşıqlı oğlanın yanında qız çox ola bilər, amma buna baxmayaraq onlar çox vaxt yalnız olurlar. Məsələn, mənim həyatımda heç bir qadın yoxdur. Bəlkə də mənə kimsə yazmaq istəyir, amma düşünür ki, 100 faiz sevdiyi biri var və yazmır. Ona görə də yaraşıqlılar çox vaxt tək olurlar.

İgo Guseinov və BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov

-Məncə, bu sualı xanım izləyiciləriniz səbrsizliklə gözləyir. İgo Guseinovun bəyəndiyi xanım tipi necə biridir?

-Əsas xarici görünüşü və məni anlamasıdır. Qısqanclıq ola bilər, amma qədərində. Mənə işlə bağlı çox adam yaza bilər, belə şeylərə qısqanıb problem yaratmamalıdır. Boyu da heç olmasa 170 sm olmalıdır.

-Hələlik oxucularımıza deyəcəkləriniz…

-Yeniliklərimi izləməkdə davam etsinlər. İnşallah Azərbaycan üçün çox yaxşı uğurlar, nailiyyətlər əldə edərəm və onları sevindirərəm.

Hüseyn Məmmədsalahov
BAKU.WS