SİZİN REKLAM BURADA!
055 213 76 73



Budəfəki müsahibimi bir çoxları “Həyat, sən nə qəribəsən” serialında yaratdığı Fidan obrazı ilə tanıyır.

Bu mövsüm isə o, tamaşaçıların qarşısına “Laləli saray” serialında canlandırdığı Nigar obrazı ilə gəldi. Beləliklə, Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə MəmmədovanınBAKU.WS saytına müsahibəsini təqdim edirik:

- Zülfiyyə xanım, bizə bir az uşaqlığınızdan danışın. Uşaqlıqda gələcəyinizi necə görürdünüz?

- Mən elə uşaqlıqdan bilirdim ki, aktrisa olacağam və çox şükür ki, arzuma çata bilmişəm. Bəlkə də, mən tək-tük insanlardanam ki, peşəmi uşaqlıqdan artıq təyin etmişdim.


- Təxmini hesablamalarıma görə siz İncəsənət Universitetinə 19 yaşınızda daxil olmusunuz. Niyə belə gec?

- İncəsənət Universitetinə istəyim olmasına baxmayaraq, məktəbi bitirdikdən sonra oraya daxil olmaq üçün cəhd etmədim. İki il ard-arda III qrup üzrə imtahan versəm də digər ixtisaslara qəbul olmağa balım yetərli olmadı. Nəhayət, 19 yaşımda yenidən ali təhsil almaq üçün özümü sınadım. Bu dəfə universitetin qabiliyyət imtanına da qatıldım və hər üç imtahandan “5” qiyməti aldım. Beləliklə, xalq artisti Amaliya xanım Pənahovanın qrupuna daxil oldum. Mən bəlkə də tək-tük şanslı insanlardanam ki, valideynlərim hər zaman mənə dəstək olublar, hər zaman kömək olublar.

- Əksər qızlar fikirləşirlər ki, aktyor həyatı yalnız əyləncələrdən ibarətdir, kifayətdir ki, gözəl olasan və hər kəs səni filmlərə dəvət edəcək. Bu, doğrudandanmı belədir?

- Əfsuslar olsun ki, hazırda sənətə gələn bəzi xanımlar belə düşünürlər, amma inandırım sizi ki, İncəsənət Universitetində təhsil alan xanımlar belə düşünmürlər. Onlar sənətin çətinliklərini, incəliklərini gördükcə anlayırlar ki, bu sənət nə dərəcədə çətindir. Onu da deyim ki, bu sənət üzrə təhsil almış insanlar heç vaxt belə fikirdə ola bilməzlər. Onlar artıq universitetdən rəqabətin nə olduğunu öyrənirlər, rol üstündə işlədikcə anlayırlar ki, bu sənət heç də əyləncə deyil.


- “Laləli saray”da Nigar obrazını canlandırırsınız. Orada Həcər xanım kimi zəhmli bir ananız var. Başa düşdüyüm qədər evdə son sözü həmişə Həcər xanım deyir. Bəs, həyatda necədir? Zülfiyyə xanım özü qərarlar qəbul edə bilirmi?

- Həyatda 50-nin 50-yədir. Ümumiyyətlə, xaraktercə həyatda çox ciddi insanam. Bir qərarı verəndə yüz ölçüb, bir biçirəm. Demək olar ki, qərarlarıma evdə narazılıq bildirilimir. Çox şükürlər olsun ki, bu cəhətdən ailədə özümü doğrultmuşam. Valideynlərimlə yaşayıramsa, onlara hesabat verməliyəm. Ümumiyyətlə, əgər kimsə kiminləsə bir evdə yaşayırsa, onlar da bir-birinə hesabat verməlidir. Səhv addımın məndən də qabaq ailəmə toxunacaq. Xalq artisti Şükufə Yusupova ilə tərəf müqabili olmaq isə böyük məsuliyyət və böyük şərəfdir. Şanslı aktrisalardanam ki, Amaliya Pənahova, Şükufə Yusupova kimi sənətkarla tərəf müqabili olmaq mənə nəsib olub.

- Həyatımızı bir film kimi təsəvvür etsək, hər bir hadisə ayrı-ayrı kadrlardan ibarətdir. Həyatınızın hansı hadisəsini təkrarən yaşamaq istərdiniz?

- Qabiliyyət imtahanından üç dənə “5” aldığım anı. Bəlkə də, həmin an həyatımın ən uğurlu günü idi.


- Elə bir film varmı ki, ona hər baxanda deyəsiniz ki, bax, kinonu belə çəkərlər?!

- Bir neçə gün əvvəl yazıçı-dramaturq İmir Məmmədlinin “Köşk” ssenarisinin əsasında çəkilən “Eviniz abad” filmini izlədim. Filmdə akyor, rejissor işi çox gözəl səviyyədə idi. Bu günə qədər müasir filmlər arasında ən çox bəyəndiyimdir.

- “Oğlan evi” filminə dəvətiniz haqqında nə danışa bilərsiniz?

- Onun bir tarixçəsi var (gülür-red.). “Oğlan evi” çəkildiyim ilk filmdir. 2015-ci ilə qədər seriallarda, reklamlarda çəkilməyimə baxmayaraq, heç bir filmə dəvət almamışdım. Həmin il yerli kanalların birində yayımlanan serialdan məni çıxartdılar və mən çox ağır depressiyaya düşdüm, günlərlə ağlayırdım, yaşananlar çox pis təsir etmişdi.

Aktyor dostum Elşən Talıbov bu barədə eşidəndə zəng edib mənə ürək-dirək verdi. Çox ağır günlər keçirirdim. Elşən dedi ki, yeni çəkilən filmə kastinq keçirilir, mən gedirəm, sən də mənimlə gəl. Əslində, getmək istəmirdim, amma Elşənə yox demədim.

Məndən yazılan ssenaridən bir hissəni oynamağımı istədilər. Oynadım, amma nə “hə”, nə də “yox” dedilər. İki həftədən sonra mənə kastinq rəhbəri zəng edib dedi ki, rejissor İlham Qasımov sizi görmək istəyir. Mən oraya yenidən gedəndə artıq filmin məşqləri başlamışdı. Yenə mənə ssenaridən bir neçə parça verdilər ki, oynayım.

Onlar tərəddüd içində qalmışdılar ki, məni filmə dəvət etsinlər, yoxsa yox. Sonradan zəng edib dedilər ki, səni rola təsdiqləmişik, gəl çəkilişə. Daha sonra başa düşdüm ki, məni serialdan uzaqlaşdırmasaydılar, dünyaya Afa rolu gəlməzdi.


- Zülfiyyə xanım, dəyərlərinizə 1-ci, 2-ci, 3-cü yer verməli olsanız, hansını haraya yerləşdirərsiniz?

- 1-ci yer ailəmdir, ikinci yer sənətim, üçüncü yer özüm.

- Bakı Bələdiyyə Teatrında işləriniz necə gedir? Teatr fəaliyyətinizdən bir qədər danışardınız..
.
- Hal-hazırda Jan Batist Molyerin “Tartüf yaxud Riyakar” əsəri əsasında hazırlanmış tamaşanın məşqləri gedir. Həmin əsərdə Elmira obrazını canlandırıram. Yaz aylarında tamaşanın premyerası gözlənilir, hər kəsi dəvət edirəm.

- Yunan təfəkkürü Kleanfın belə bir aforizmi var: “Tale getmək istəyəni aparır, istəməyəni sürüyür”. Bu aforizmə münasibətiniz...

- Taleyə çox inanıram. Biz dünyaya gəlməmişdən öncə Allah-Təala hər birimizin alın yazısını yazıb və seçilmiş insanlar var ki, onlar zirvəyə doğru yürüyürlər. Allah həmin insana güc verir və o, qarşısına çıxan bütün çətinliklərin öhtəsindən gələ bilir, yazılan zirvəyə qalxmağı bacarır.


- Müsahibələrinizin birində demisiniz ki, “Toy xoşbəxtlik deyil. Yanında səni başa düşən həyat yoldaşının olması daha vacibdir”. Buna baxmayaraq, saxta toyların sayı ildən-ilə çoxalır...

- Bəlkə də, millət olaraq hər kəsin şəxsi həyatına qarışmağı çox sevirik deyə, bu da ondan irəli gəlir. Bizdə iki şəxsin VVAQ-a gedib sənəd imzalayıb bərabər yaşaması yaxşı qarşılanmır. İnsanlar məcburiyyət qarşısında qalıb toy edirlər. Hər kəs buna normal yanaşmır. Həmin dəqiqə insanlarda “nəəcəb” fikri yaranır.

- Və sonda... Hər bir əsgər general olmaq arzusu ilə yaşayır, balıqçı ən böyük balığını tutmaq arzusu ilə yaşayır, bəs, aktrisa Zülfiyyə Məmmədova hansı arzu ilə yaşayır?


- İnsanın ömrünün sonuna qədər arzuları olur. Arzu yoxdursa, insan da yoxdur. Arzum odur ki, sənətdə çox böyük uğurlarım olsun, seçilən aktrisa olum.

Hüseyn Məmmədsalahov
BAKU.WS