SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Damlanın atasının ölümündən bir neçə gün sonra el şənliklərində iştirak etməsi sosial şəbəkə izləyiciləri tərəfindən tənqidlərə səbəb olub. 

BAKU.WS məlumatına görə, Damlanın ünvanına sərt fikirlər yazan izləyicilər onu bu addımına görə "ağ yuyub qara sərib"lər.

Damla şəxsi Instaqram hesabında paylaşım edərək məsələyə aydınlıq gətirib. O, toya getmək üçün anasından icazə aldığını yazıb: 

“Görəsən, içinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, gərçəkləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq sizin üçün bu qədərmi adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən dırnaq arası insancıqlar, siz mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? Mən anamın icazəsi, halallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilirsiniz? Məcburam. 

Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istəmədiyim bir çox şeylər… Bunların hesabatını kim ödəyəcək? Mən təkəm, arxasızam. O yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çoxmu canınız yanır? 

Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz, ailə məclisidir. Mən klublarda, içki masasında görüntülənməmişəm axı. Ağzınıza nə gəlir, yazırsınız. Yoxsa, hər həftə bir saç rəngindəyəm? Yoxsa, atamdan sonra soyunmağa başlamışam? Nə dəyişib ki? 

Mən illərlə ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğlun daşıya bilmədiyi yükü tək çəkmişəm. Sağlığında insana dəyər verərlər. Ona sağ olanda heç bir sıxıntı da yaşatmamışam. Heç vaxt çətinlik çəkməyə qoymamışam. Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın! Bilsəm ki, mən sussam atam geri dönəcək, illərlə səsimi belə çıxarmaram. Allahınız olsun, susun. Mənim acım, mənim itkimdir”.

Beləcə müğənni Damla onu sosial şəbəkələrdə rüsvay edib, haqqında xoşaqəlməz sözlər yazan izləyiciləri öz mesajı ilə susdurub. 

Rəşad Əliyev
BAKU.WS