SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 9-da “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib. Müsabiqədə iştirak edən 15 ölkə arasında Azərbaycan da yer alıb. Ölkəmizi mötəbər yarışda Tural və Turan Bağmanov qardaşları təmsil edib.

Təəssüflər olsun ki, əkizlər müsabiqənin finalına adlaya bilməyib. Onların geyim və mahnı seçimləri fərqli olsa da, Avropa səhnəsində uğurlu alınmayıb. Əksinə sosial şəbəkələrin Azərbaycan seqmentində Bağmanov qardaşlarının geyimi sərt tənqid olunub.

Tənqidçilərdən fərqli olaraq, bəzi sənətçilər “Avroviziya” təmsilçilərimizin geyiminin və ifasının normal olduğunu düşünür. Onlardan biri tanınmış müğənni Nadir Qafarzadədir.

BAKU.WS xəbər verir ki, sevilən müğənni modern.az-a açıqlamasında Tural və Turanın həm geyimlərinin, həm də ifalarının qaydasında olduğunu deyib:

“Mən qardaşların çıxışından iki gün öncə onların şəklini öz sosial mediamda paylaşıb xalqa onları qınamaması üçün müraciət etdim. Bildirdim ki, gənclər Avropa səhnəsinə çıxırlar. Ola bilər ki, Avropa səhnəsində tələblər, qanunlar başqadır. Yəqin ki, onların geyimini də belə məsləhət görüblər. Biz onların geyiminə yox, səslərinə, ifalarına baxaq. Biz isə həmin dəqiqə geyimlərini müzakirəyə çıxardıq, tənqid edirik. Bu səhnədir. Bəs guya bütün insanlar gündəlik həyatda biz istədiyimiz kimi geyinirlər? Əlbəttə, xeyr. Bunlar səhnə adamlarıdır. "Avroviziya" şou xarakterli müsabiqədir. Müsabiqədə nə muğam oxuyurlar, nə də ciddi musiqi. Avropa səhnəsi Avropa izləyicisi üçündür. Mənim yanaşmam belədir. Ola bilər ki, geyimlərdə hansısa detallar ürəkaçan deyil, amma biz istəsək də, istəməsək də, artıq bu geyimlər seçilmişdi”.

“Fikrimcə, bizim təmsilçilərimiz yarışda çox normal geyimdə iştirak etdilər. Onlardan başqa digər dövlətlərdən çıxış edən təmsilçilər bərbad formada geyinmişdilər. Mən özüm də müsabiqəni izlədim və düşünürəm ki, çox açıq-saçıq geyimlərdən istifadə olunmuşdu. Hətta ölkələrdən birinin təmsilçiləri qız paltarı geyinmişdi, demək olar ki, çılpaq idilər. Bundan əvvəl də Azərbaycanı təmsil edən iştirakçıların heç biri səhnəyə çadra və kəlağayı ilə çıxmayıb”, - Nadir Qafarzadə vurğulayıb.

İfaçının sözlərinə görə, qardaşların finala çıxmamasının səbəbi müsabiqədə onlardan daha güclü performans, şou və ifaların olmasıdır:

“Finala keçmək üçün orada güclü ifalar, şoular, performanslar var idi. Bizimkilər müsabiqədə sakit şəkildə öz ifalarını və səslərini göstərdilər. Onlar Avropa tamaşaçısına xoş gəlsin deyə 60-cı illəri təkrarlamaq məqsədi ilə retro mahnı oxuyub, retro stildə geyindilər. Bəlkə də artıq müasir həyatda bunlar qəbul olunmur. Amma ən ədəbli-ərkanlı şəkildə səhnəyə çıxan bizim iştirakçılar idi. Hətta mən təəssüf edirəm ki, onlar finala çıxmadılar. Amma yenə də bu, uğursuzluq deyil. O səhnədə çıxış etmək özü bir uğurdur. Avropa tamaşaçısı onları belə sadə şəkildə qəbul edib, yadda saxlayacaq”.

Nadir Qafarzadə sonda Azərbaycan xalqını finala keçə bilməməsinə baxmayaraq, Tural və Turan qardaşlarına dəstək olmağa çağırıb:

“Gəlin, gəncləri həvəsdən salmayaq və onlara dəstək olaq, motivasiya verək. Düşünürəm ki, bizim Tural və Turan qardaşları gələcəkdə çox işlər görəcəklər. Əziz Azərbaycan xalqı, əziz Azərbaycan vətəndaşları, gəlin, özümüzünkiləri bu qədər pisləməyək. Həmişə deyirik, axı biz birlikdə güclüyük. Bunu cənab Prezidentimiz də bildirib ki, biz birlikdə güclüyük. Bu söz əbəs yerə deyilməyib. Gəlin, gücümüzü birləşdirək. Mən qardaşlara uğur arzu edirəm”.

Müğənni Elza Seyidcahan isə vurğulayıb ki, əsas məsələ müsabiqədə qalib olmaq deyil:

“Tural və Turan qardaşları əsas odur ki, bu mərhələyə qədər gəlib çıxıblar. Təəssüf ki, finala yüksələ bilmədilər. Burada qəbahətli bir şey yoxdur. Əsas odur ki, müsabiqədə iştirak etdilər. Ölkəmizi təmsil etdilər. Beynəlxalq səviyyəli müsabiqədə Azərbaycanın adı hallandı. Biz "Avroviziya" mahnı müsabiqəsində birinci və üçüncü yeri tutmuşuq. Bu dəfə fərqli oldu. Əlbəttə, dünənki yarış hələ son demək deyil. Onların uğurları qarşıdadır”.

BAKU.WS