Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb

Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb
Foto
Promo 178

Bu gün Bakıda Azərbaycan Universitetinin təşkilatçılığı və ev sahibliyində 2-ci "Sosial iş və sosial tədqiqat" (Social Work & Social Research) beynəlxalq konfransı işə başlayıb.

"Konstitusiya və Suverenlik ili"nə həsr olunan, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi sosial iş təhsili və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirə olunması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İkigünlük beynəlxalq tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyasının  Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bu sahəyə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Rektor bildirib ki, ali təhsil müəssisələrinin üzərinə bu sahədə peşəkar kadrların hazırlanması kimi məsuliyyətli vəzifə düşür. Azərbaycan Universitetində 2009-cu ildən başlayaraq sosial iş sahəsində mütəxəssis hazırlığı həyata keçirilir. Azərbaycan Universitetində Sosial iş ixtisasının tədrisi, əldə olunan uğurlar və universitetin bu istiqamətdəki hədəflərindən də bəhs edən Səadət Əliyeva bildirib ki, universitet kadr hazırlığı ilə kifayətlənmir, həm də bu sahənin müxtəlif problem və məsələləri elmi cəhətdən araşdırılır. 2023-cü ildə "Sosial iş və sosial tədqiqat" beynəlxalq konfransının birincisi keçirilib və konfransda qəbul edilən qərarların  icrası təmin edilib.

Rektor çıxışında qeyd edib ki, mövzusu olduqca spesifik olan konfransa maraq böyük olub. Məruzəçi kimi iştirak etmək üçün 20-dən çox ölkədən müraciət daxil olub və 100-ə yaxın məruzə qəbul edilib. Səadət Əliyeva çıxışında konfransın işinin səmərəli və məhsuldar olacağına, 2 gün davam edəcək müzakirələrin elm və təhsil sahəsinin inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini də ifadə edib.

Daha sonra Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Elm və Təhsil Nazirliyinin Elm, Ali Təhsil Siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Vüqar Ağayev, Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Cojocaru (Kojukaru) çıxış edərək konfransın mövzusunun təsadüfi seçilmədiyini qeyd edib, müzakirə olunacaq mövzuların aktuallığını və əhəmiyyətini vurğulayıblar.

Açılışın ardından başlayan plenar iclasda Birləşmiş Krallığın Nottingham Universitetinin professoru Yasuhiro Kotera (Feeling well across cultures: CROss-cultural WellNess) və Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Cojocarunun (Appreciative approach in social work) məruzələri dinlənilib. Plenar iclasa Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov sədrlik edib.

Konfransın işi gün ərzində bölmə iclaslarında davam edib.

"Sosial iş və sosial tədqiqat" (Social Work & Social Research) 2-ci beynəlxalq konfransı işini sabah yekunlaşdıracaq. Bazar günü isə tədbirin xarici iştirakçılarının Bakı şəhərinin tarixi mərkəzinə və Qobustana ekskursiyası təşkil olunacaq.

Son xəbərlər