Xankəndidə antiterror əməliyyatları başlaya bilərmi?
Erməni terrorçular yeni təxribat törətdilər və məhv edildilər; siyasi ekspertlər və partiya sədri Xankəndidə antiterror əməliyyatlarına başlamaqdan başqa yol olmadığını deyirlər...
Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.
Bu barədə “Yeni Müsavat”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, ermənilərin hücumu nəticəsində 1 nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin 6 üzvü məhv edilib. Müdafiə Nazirliyi bəyan edib ki, bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək.
Qeyd edək ki, bundan əvvəl də ermənilər bu hərəkəti etdilər. Nəticədə xüsusi təyinatlı əsgərlərimizin Hadrut və Xocavənd ətrafında keçirdikləri əməliyyatlar nəticəsində 170 erməni diversantı əsir götürüldü. Onların içərisində əsgərlərimizin əsir alınması zamanı onlara qarşı işgəncə verənlər təsbit olunub, Azərbaycan məhkəmə orqanları tərəfindən saxlandılar. Lakin yerdə qalanların əksəriyyətinin rus sülhməramlıları vasitəsilə Ermənistana təhvil verilməsi iddiaları var. Üstəlik, burada bir nüans da var.
Erməni diversantlarını əsir götürən zaman onların əksəriyyətinin videoları əsgərlərimiz tərəfindən çəkilib, sosial mediada yayılmışdı. Nəzəri çəkən bir detalı deməliyik - diversantların geyimləri yeni idi, saç-saqqalları kir-pas içində deyildi. Yəni onlar hərbi əməliyyatlar zamanından aylarla meşələrdə qalan əzilmiş, üzgün erməni əsgərlərinə bənzəmirdilər. Onlar əraziyə yenicə sızmış, xüsusi plan üzrə göndərilmiş diversantlar idilər.
Böyük ehtimalla, onlar Laçın koridorundan, rus sülhməramlılarının kontrol nöqtələrindən Xankəndinə keçmiş, oradan da xüsusi plan üzrə təxribat üçün Hadrud və Xocavənd ətrafında mövqe qurmuşdular. Doğrudur, Azərbaycanın Xüsusi Təyinatlı Dəstələri (XTD) onları bütövlüklə əsir götürdü və ermənilərin planı darmadağın edildi. Lakin belə görünür ki, o dəstələrə humanist yanaşıldığı, yerindəcə güllələnmədiyi üçün bu cür yeni təxribatlara əl atıblar.
Yeri gəlmişkən, rəsmi İrəvanı təmsil edənlər açıqlama verdilər ki, o silahlıların Ermənistan ordusuna dəxli yoxdur. Belə çıxır ki, Paşinyan gerçəkdən də Ermənistandakı silahlı birlik və qrupları tam halda idarə edə bilmir.
Bəs biz indi nə etməliyik? Müharibənin yeni fraqmenti üçün düyməyə basılmaq ərəfəsindədirmi?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, 10 noyabrda qəbul edilən üçtərəfli bəyanatın tələblərini ermənilər və rus sülhməramlılar pozur: “Bu bəyanat imzalananda bildirmişdim ki, məsələ bizim üçün hələ tam bitməyib. Rusiya hərbçilərinin bölgəyə sülh gətirəcəyinə inanmadığımı bəyan etmişdim. Problemin olacağını demişdim. Belə də oldu. Baş verənlər həm də sülhməramlıların məsuliyyətidir, onlar erməni separatçılarını zərərsizləşdirməli idi.
Zərərsizləşdirmirsə, Azərbaycan o ərazilərdə antiterror əməliyyatları keçirmək hüququndan istifadə edərək məsələni tezliklə yoluna qoymağa, bu təxribatçıları gəbərtməyə hazırdır və bunun şahidi olacağıq. Erməni separatçılarının təminatı Laçın dəhlizindən həyata keçirilir. Buna Rusiya sülhməramlıları şərait yaradır. Ona görə də Azərbaycan Ordusu antiterror əməliyyatını davam etdirməlidir. Gözləmək lazım deyil ki, erməni terrorçular bir də hücum etsinlər, biz ondan sonra hərəkətə keçək. Bundan sonra erməni terrorçularını ələ keçirəndə geriyə təhvil verilməməlidir.
Çünki artıq müharibə bitib və ələ keçirilənlər terrorçulardır. Terrorçular da Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Rusiyanın istəyib-istəməməsindən asılı olmayaraq biz bölgədə ciddi antiterror əməliyyatını həyata keçirməliyik, Xankəndiyə qədər gedib çıxmalıyıq və oraya nəzarət etməliyik. Rusiyaya da anlatmalıyıq ki, bəyanatda öz üzərinizə düşəni etmirsiniz, ona görə biz tədbirlər görürük. Digər tərəfdən, biz Türkiyə hərbçilərinin bölgəyə gəlişini sürətləndirməliyik. Türk hərbçilər Laçın dəhlizində olmalıdır, Xankəndi yolunda olmalıdır. Bütün bu işləri Azərbaycan təcili görməlidir”.
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Qarabağda baş verən hadisələr hər bir vətəndaşı narahat edir:
“Azərbaycan hərbçilərinə hücumlar və itki verməyimiz onu deməyə əsas verir ki, Rusiya sülhməramlıları işlərinin öhdəsindən ya gələ bilmirlər, ya da işlərinin öhdəsindən gəlmək istəmirlər. Artıq üçüncü dəfədir ki, erməni silahlı qrupları Azərbaycanın nizami ordusuna hücum edirlər və ordumuz şəhid verir. Biz artıq buna dözməli deyilik. Belə görünür ki, yenidən hərbi əməliyyatlara, yaxud da antiterror əməliyyatına başlamaqdan başqa çarə yoxdur. Və bu dəfə Azərbaycanın xüsusi təyinatlıları, güc strukturları Xankəndiyə enib, orada əməliyyatlar aparmalıdır.
İlanın başı Araik Arutyunyan həbs olunmalı, Xankəndi silahsızlaşdırılmalıdır. Xankəndidəki o əsgi parçasının altındakı quldurlar məhv edilmədikcə, şəhid xəbərləri gələcək. O torpaqlar hamısı Azərbaycanındır, orada yad silahlı ünsürləri neytrallaşdırmaq, antiterror əməliyyatlarının miqyasını Xankəndiyə qədər genişləndirmək bizim haqqımızdır. Biz ərazimizdən terrorçuları tam təmizləmək üçün gücə malikik. Necə ki, Rusiya özünün müxtəlif vilayətlərində terrorçu qruplara dözümsüz yanaşırdı, biz də öz ərazimizdə bizə qarşı olan hücumlara dözümsüz yanaşmalıyıq. Azərbaycan Laçın dəhlizini bağlayıb, ərazisindəki terrorçuları, qanunsuz silahlı birləşmələri məhv etmək üçün hərəkətə keçməlidir.
Azərbaycanın şəhid verməsi faktı imkan verir ki, Araik Arutyunyan başda olmaqla, keçmiş Dağlıq Qarabağdakı bütün terrorçuların fiziki məhvinə başlasın. Bunu etmək bizim suveren hüququmuzdur və buna görə kimsə bizə etiraz edə bilməz. Biz çox da səbrli davranmamalıyıq, qətiyyətlə terrorçulara cavab verməli və onları tamamilə məhv etməliyik.
Nəhayət, Azərbaycanın ortasında yaradılmasına çalışılan terror ocağını Azərbaycan əsgərinin gücü ilə tam söndürmək lazımdır. Artıq Azərbaycan Ordusu üçtərəfli bəyannamənin ermənilər tərəfindən pozulduğunu əsas göstərərək hərbi əməliyyatlara start verməlidir və terrorçu tör-töküntülərini təmizləməlidir. Bu əməliyyat ancaq əlində silah olan terrorçulara qarşı olacaq, dinc, Azərbaycanın qanunlarına tabe olan ermənilərə qarşı yox. Azərbaycan üçtərəfli bəyannamədən imtina haqqında düşünməlidir və bu istiqamətdə müzakirələrə başlamalıdır. Bununla bağlı Rusiyaya, Türkiyəyə lazımi məlumatlar verilməlidir”.
Politoloq Elçin Mirzəbəyli də bildirib ki, antiterror əməliyyatları Xankəndi şəhərində aparılmalıdır. Xankəndidə antiterror əməliyyatları və həbslərin başlanmasına bütün əsaslar yaranıb.Terrorun başı oradadır və terrora son qoymaq üçün öncə o “başı kəsmək” lazımdır: “Əgər Ermənistan və Rusiya öhdəliklərini yerinə yetirə bilmirlərsə, o zaman Laçın dəhlizi də qapadılmalı, sülhməramlılar isə yalnız Ermənistan-Azərbaycan sərhədində müşahidə aparmalıdırlar”.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı məlumat yaydı
Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermən...