Trampın təqdim etdiyi görüntülərin başqa ölkəyə aid olduğu üzə çıxdı

ABŞ Prezidenti Donald Trampın Cənubi Afrika Prezidenti Kiril Ramafosa ilə görüşü zamanı göstərdiyi görüntülərin Cənubi Afrikaya deyil, Konqo Demokratik Respublikasına aid olduğu məlum olub.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, Trampın dünən Ağ Evdə baş tutan görüş zamanı Ramafosaya təqdim etdiyi və Cənubi Afrikada ağdərili fermerlərə qarşı zorakılıq aktlarını əks etdirdiyi iddia edilən görüntülərin əslində Konqoda çəkildiyi ortaya çıxıb. Prezident görüş zamanı həmin görüntüləri "ağ fermerlərin məzarlara aparıldığı anlar" kimi təqdim etmiş və "bunların hamısı basdırılan ağ fermerlərdir" ifadəsini işlətmişdi.
Məlumata görə, sözügedən görüntülər Britaniyanın "Reuters" agentliyinin müxbiri Caffar Al Katanty tərəfindən 3 fevral tarixində yayımlanıb. Kadrlar Konqo Demokratik Respublikasının Qoma şəhərində M23 üsyançı qruplaşması ilə toqquşmalardan sonra təşkil olunan kütləvi dəfn mərasimi zamanı lentə alınıb. Videoda humanitar yardım işçilərinin cəsəd torbalarını daşıdığı anlar əks olunub.
Tramp daha sonra verdiyi açıqlamada, "Beyaz fermerlər torpaqlarından qovulur və öldürülür. Əgər bu soyqırımdırsa, onları ölkəmizə qəbul etməliyik" deyib. O, həmçinin Cənubi Afrika əsilli amerikalı milyarder İlon Maskdan da bəhs edərək, "İlon oradandır və baş verənləri yaxşı bilir", - deyə bildirib.
Ramafosa isə cavabında həmin görüntüləri daha əvvəl görmədiyini bildirib: "Bu videoların mənə göstərilməzdən əvvəl harada çəkildiyini bilmək istərdim". O, Cənubi Afrikadakı vəziyyətin irqə əsaslanan soyqırım deyil, ümumi cinayətkarlıq problemi olduğunu və qurbanların yalnız ağdərililər yox, əsasən də qaradərililər olduğunu qeyd edib.
Oxşar xəbərlər
Prezidentin Albaniya səfərindən maraqlı detallar
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb. Bu dəfə ötən həftə Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı...
