Tarixin ən güclü Azərbaycanı

Tarixin ən güclü Azərbaycanı
Təhlil
Siyasət 39

Azərbaycanın ilk yubileyini qeyd etdiyi Zəfər Günü yalnız hərbi qələbənin deyil, həm də tarixi ədalətin, milli iradənin və müstəqil dövlətçilik gücünün bütün suveren ərazilərimiz üzərində bərpasının rəmzidir.

Düşmənlərin belinin qırıldığı bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, torpaqlarımıza göz dikənlərin ədalət önündə mühakiməsinin də simvoludur. Bu, eyni zamanda xalqımızın yenilməzliyinin və həmrəyliyinin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. Ən nəhayət, Zəfər Günü təkcə Azərbaycanın torpaqlarının yox, həm də milli mənəviyyatımızın, ruhumuzun işğal sindromundan azad olunmasının ifadəsidir. Qalib, qürurlu Azərbaycan xalqının imzalar içində imzasıdır.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Əsrimizdə Azərbaycan kimi ikinci ölkə yoxdur

Qarabağ və Şərqi Zəngəzurun Ermənistan işğalından azad edilməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin qətiyyəti, xalqın lideri ətrafında dəmir yumruq kimi birləşməsi, Silahlı Qüvvələrinə sonsuz inamı cəmi 44 gün ərzində tariximizdə möhtəşəm Zəfər səhifəsinin yazılmasına gətirib çıxardı.

Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də bütün cəbhə boyu başlayan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd erməni işğalından azad olundu. Belə geniş miqyasda müharibə üçün çox qısa hesab olunan zaman kəsiyində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun üç kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi və digər ərazilər azad olundu. Həmin ilin noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan təmizlənməsi ilə Vətən müharibəsi kulminasiya nöqtəsinə çatdı. Bunun ardınca düşmən məğlubiyyətini qəbul edərək, kapitulyasiyasını rəsmən təsdiqlədi.

Ata-baba ənənələrimizə uyğun olaraq, Ali Baş Komandan döyüş meydanında yenilən düşmənə rəhm etdi, ordumuz döyüş əməliyyatlarını dayandırdı. Qazanılmış qələbə isə təkcə hərbi sahədə deyil, həm də beynəlxalq hüquq müstəvisində ədalətin bərpası oldu. BMT qətnamələrinin illərlə kağız üzərində qaldığı bir vaxtda, Azərbaycan onları öz gücü ilə təkbaşına icra etdi. Son beş il ərzində, ümumiyyətlə yaşadığımız əsrdə belə uğura imza atan ikinci bir dövlət yoxdur.

Döyüşdə əldə olunan zəfərlərin uğurlu davamı

İkinci Qarabağ müharibəsində Azərbaycan savaşı təkcə döyüş meydanında yox, həm də informasiya cəbhəsində böyük məharətlə, olduqca uğurlu bir taktika ilə apardı. Dövlət başçısının Vətən müharibəsi dövründə beynəlxalq ictimai rəyin formlaşmasında həlledici mövqedən çıxış edən, qlobal miqyasda fəaliyyət göstərən ən böyük media qurumlarına 30-a yaxın müsahibə verməsi, Azərbaycanın haqq davasını bütün dünyaya çatdırması Ermənistana, onun havadarlarına vurulan ağır zərbələr oldu. İnformasiya cəbhəsindəki qələbələr döyüş meydanında əldə olunan zəfərləri üzvi bir şəkildə tamamladı. Qələbənin nəticəsi olaraq, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan düşmən tapdağından azad olundu.

23 saat 43 dəqiqəlik antiterror əməliyyatı

Azərbaycanın döyüş meydanında qazandığı qələbəyə, kapitulyasiya etməsinə baxmayaraq, Ermənistan havadarlarının dəstəyi və təhriki ilə Qarabağda separatizmi yaşatmaq kimi sərsəm ideyadan əl çəkmədi. Silahlı qüvvələrini Xankəndi və ətraf ərazilərdən çıxarmaqdan vaz keçdi. Halbuki, Azərbaycan həmin qüvvələrin getməsinə imkan yaratmışdı, bu, həm də Ermənistanın üzərinə götürdüyü rəsmi öhdəlik idi. Lakin bu dəfə də düşmən məkrli əməllərindən əl çəkmədi, Azərbaycanın suverenliyinə təhdid yaratmaqda davam etdi. Belə vəziyyətdə lokal xarakterli antiterror əməliyyatının keçirilməsi zərurətə çevrildi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimizdə separatizmin tabutuna sonuncu mismar da vuruldu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat erməni separatçılarının ağ bayraq qaldırmasına, yenə də Azərbaycanın mərhəmətinə sığınmasına səbəb oldu. Beləliklə, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü, antiterror əməliyyatlarında suverenliyi bərpa edildi. Elə bu kontekstdə Qazax rayonunun dörd kəndi də yenə bir güllə atılmadan Azərbaycanın nəzarətinə qaytarıldı.

Beynəlxalq münasibətlər sistemində yeni statusda

Şanlı Zəfər həm də tarixin ən güclü Azərbaycanının yaranmasına zəmin formalaşdırdı. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı bu xüsusda Prezident İlham Əliyev qeyd etdi: "Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır".

Zəfərin davamı olaraq Azərbaycan artıq postmüharibə dövründə işğaldan azad olunan ərazilərdə böyük bərpa və quruculuq işləri görür, paralel olaraq, Böyük Qayıdış prosesi reallaşdırılır. Müasir Azərbaycan tarixi Zəfərdən sonra təkcə lideri olduğu Cənubi Qafqazda yox, daha böyük coğrafiyada, ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində artıq yeni statusda çıxış edir. İndi Azərbaycan bir çox regional, bəzi hallarda qlobal xarakterli proseslərə yön verən dövlətlərdən biridir. Bu, Zəfərin Azərbaycana bəxş etdiyi ən böyük nailiyyətlərdən biridir, ölkəmizin bundan sonra da möhtəşəm yüksəlişinin təməl daşıdır.

Son xəbərlər