Sarıcalı kəndinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər

İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə mühüm və ardıcıl işlər görülür. Bu, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir.
İşğaldan azad olunmuş ərazilərdə inşa edilən təhsil ocaqlarından biri də martın 27-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Ağdam rayon Sarıcalı kənd tam orta məktəbidir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 360 şagird yerlik məktəb binası 3 blokdan ibarət olmaqla 2 yerüstü mərtəbə və zirzəmidən ibarətdir. 14 sinif otağı olan məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya, informatika və məktəbəqədər hazırlıq otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana və digər sahələr yaradılıb.
Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
Qalereya
Oxşar xəbərlər
Qərbi Azərbaycan İcması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Qərbi Azərbaycan İcması (QAİ) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb. BAKU.WS xəbər verir ki, bəyanatda Ermənistan tərəfindən törədi...
