Sahibə Qafarova MDB PA-da çıxış edib

Sahibə Qafarova MDB PA-da çıxış edib
Foto
Siyasət 34

Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının plenar iclasında Azərbaycan xalqının faşizm üzərində tarixi qələbədə rolu haqqında danışıb.

BAKU.WS xəbər verir ki, spiker çıxışında Azərbaycan xalqının cəbhəyə 600 mindən artıq oğul və qızını göndərdiyini xatırladıb.

Sahibə Qafarova bildirib ki, onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub:

"Bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlı çağırışçılar və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə görünməmiş igidlik və qəhrəmanlıq nümayiş etdirərək öz adlarını tarixə qızıl hərflərlə yazıblar".

O qeyd edib ki, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçiblər:

"Onlar Moskva, Leninqrad, Brest, Kiyev, Stalinqrad, Simferopol, Odessa və yüzlərlə digər yaşayış məntəqələri uğrunda rəşadətlə döyüşüblər. Həmvətənlərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında fəal iştirak edərək, partizan hərəkatında saysız-hesabsız qəhrəmanlıq nümunələri göstəriblər".

Milli Məclis sədrinin sözlərinə görə, faşizmə qarşı mübarizədə xalqımız yalnız döyüş meydanlarında deyil, həm də arxa cəbhədə – ordunun ehtiyacları üçün gecə-gündüz çalışaraq qəhrəmanlıq nümayiş etdirib. Həmin dövrdə Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunurdu.

Bu tarixi Qələbədə Azərbaycan neftinin böyük rolundan danışan spiker Sahibə Qafarova bildirib ki, müharibə illərində Sovet İttifaqında hasil edilən neftin dörddə üçü, aviasiya benzininin və yüksək keyfiyyətli motor yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında həlledici rol oynamış ordunun tank və təyyarələrinin əksəriyyəti məhz Bakı neftçilərinin göndərdiyi yanacaqla işləyirdi.

Spiker qeyd edib ki, ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və qayğı bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu istiqamətdə Prezident tərəfindən imzalanmış çoxsaylı sərəncamlar – müharibə veteranlarına göstərilən qayğının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi bunun bariz sübutudur. Spiker Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin "Veteranlar xalqımızın "qızıl fondu"dur" fikrini xatırladıb.

Xalqların nəhəng səyləri ilə qazanılmış bütün böyük qələbələr hər şeydən əvvəl ədalət kimi ali bir dəyərə sonsuz inamın və onun bərpasına göstərilən səylərin nəticəsidir. Nəticə etibarilə, məhz bu inam böyük Qələbənin başlıca ruhlandırıcı qüvvəsinə çevrilir.

Milli Məclisin sədri çıxışında bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, bu torpaqlarda həyatın bu gün yenidən canlandırılması xalqımızın – həm keçmiş, həm də indiki nəsillərin – ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərpa etmək əzmini təcəssüm etdirir.

S.Qafarova qeyd edib ki, xalqlarımızın İkinci Dünya Müharibəsində göstərdiyi rəşadət və şücaət gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olmalıdır:

"Bu, təkcə keçmişin xatirəsi deyil, eyni zamanda gələcək nəsillər üçün bir irsdir. Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının mühüm və son dərəcə zəruri təşəbbüs və layihələri bu tarixi Qələbə barədə ümumi yaddaşın qorunmasına və nəsildən-nəslə ötürülməsinə xidmət edir.

Bu Qələbənin sülh, rifah və parlaq gələcək naminə misilsiz qəhrəmanlıq və cəsarət nümayiş etdirən bütün xalqlarımızın ortaq zəfəri olduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, bu Qələbə müxtəlif millətlərin nümayəndələrinin çiyin-çiyinə verərək haqq işini müdafiə etməsinin, xalqlarımızın misli görünməmiş həmrəyliyinin və birliyinin nəticəsidir".

Son xəbərlər